16
Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər. Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi. O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.
Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel. O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.
Allaha həsr olunan məzmur
(Zəb. 105:1-15; 96:1-13; 106:47-48)
* Zəb. 105:1; Yeş. 12:4 «Rəbbə şükür edin, ismini çağırın,
Əməllərini xalqlar arasında elan edin!
Onu ilahilərlə tərənnüm edin,
Bütün xariqələrini bəyan edin!
10 Onun müqəddəs adı ilə fəxr edin,
Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
11 Rəbbi, Onun qüvvətini arayın,
Daim hüzurunu axtarın.
12 Etdiyi xariqələri,
Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
13 Ey Onun qulu İsrail nəsli,
Ey Yaqub övladları, ey Onun seçdikləri!
 
14 Allahımız Rəbb Odur,
Hökmü bütün yer üzərindədir.
15  * Yar. 12:7 * Yar. 26:3 Əbədi olaraq – min nəslə qədər əhdini,
Əmr etdiyi sözü,
16 İbrahimlə kəsdiyi əhdini,
İshaqa and içərək verdiyi vədini unutmaz.
17  * Yar. 28:13 Bunu qayda kimi Yaqub üçün təsdiq etdi,
Bu əbədi əhdi İsrail üçün etdi,
18 Dedi: “Övladlarının payına düşən mülk kimi
Kənan torpağını sənə verəcəyəm”.
 
19 O zaman sayca onlar az idilər,
Azsaylı olaraq ölkədə qərib idilər.
20 Ölkədən-ölkəyə,
Məmləkətdən-məmləkətə köçürdülər.
21  * Yar. 20:3-7 Rəbb heç kimi onlara əzab verməyə qoymadı,
Onlara görə padşahları tənbeh etdi.
22 Dedi: “Məsh elədiklərimə dəyməyin,
Peyğəmbərlərimə pislik etməyin”.
 
23 Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
Xilaskar olduğunu gündən-günə müjdələyin.
24 Ehtişamını millətlərə elan edin,
Xariqələrini bütün xalqlara bəyan edin!
25 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,
O bütün allahlardan daha zəhmlidir.
26 Bütün özgə xalqların allahları bütlərdir,
Lakin göyləri yaradan Rəbdir.
27 Ehtişam və əzəmət hüzurunda olar,
Sevinclə qüdrət Onun yerindədir.
 
28 Ey xalqların tayfaları, Rəbbə verin –
Ehtişamı, qüdrəti Rəbbə verin,
29  * Zəb. 29:2; 96:8-9 Adına layiq ehtişamı Rəbbə verin,
Hüzuruna girib təqdimlər verin.
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin.
30 Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
O, dünyanı sarsılmaz və möhkəm qurub.
31 Göylər sevinsin, yer üzü şad olsun!
Millətlərə belə elan edin:
“Rəbb hökmranlıq edir”.
32 Dənizin və dənizdəki canlıların səsi ucalsın,
Çöllər və çöldə yaşayanlar fərəhlənsin,
33 Meşədəki bütün ağaclar mədh söyləsin
Rəbbin hüzurunda!
O, dünyanın hökmünü vermək üçün gəlir.
 
34  * 2Saln. 5:13; 7:3; Ezra 3:11; Zəb. 100:5; 106:1; 107:1; 118:1; 136:1; Yer. 33:11
Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir.
35 Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar,
Bizi millətlərin arasından topla və azad et.
Müqəddəs isminə şükür edək,
Biz fəxrlə Sənə həmd söyləyək”.
36 Alqış olsun İsrailin Allahı Rəbbə
Əzəldən sonsuza qədər!»
Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi.
Rəbbin Əhd sandığının önündə və Giveonda xidmət edənlər
37 Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları, 38 Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa. 39 O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki, 40 Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər. 41 Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir. 42 Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular. 43  * 2Şam. 6:19-20 Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı.

*16:8 Zəb. 105:1; Yeş. 12:4

*16:15 Yar. 12:7

*16:15 Yar. 26:3

*16:17 Yar. 28:13

*16:21 Yar. 20:3-7

*16:29 Zəb. 29:2; 96:8-9

*16:34 2Saln. 5:13; 7:3; Ezra 3:11; Zəb. 100:5; 106:1; 107:1; 118:1; 136:1; Yer. 33:11

*16:43 2Şam. 6:19-20