2
İsrail xalqının səhrada dolaşdığı illər
* Say. 21:4 Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra Rəbb mənə belə dedi: “Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün. * Yar. 36:8 Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun. Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm. Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”. Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb.
Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik. * Yar. 19:37 Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”. 10 Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı. 11 Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar. 12 Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar.
13 Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik. 14  * Say. 14:28-35 Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı. 15 Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu.
16 Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra 17 Rəbb mənə belə dedi: 18 “Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz. 19  * Yar. 19:38 Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”. 20 Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar. 21 Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar. 22 Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar. 23 Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.
24 Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin. 25 Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”.
İsraillilərin padşah Sixonu məğlub etməsi
(Say. 21:21-30)
26 Qedemot səhrasından Xeşbon padşahı Sixonun yanına sülh danışığı üçün qasidlər göndərdim və dedim: 27 “Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik. 28 Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir. 29 Seirdə yaşayan Esav övladları və Arda yaşayan Moavlılar etdiyi kimi sən də izin ver ki, İordan çayından Allahımız Rəbbin bizə verdiyi torpağa keçək”. 30 Lakin Xeşbon padşahı Sixon bizi torpağından keçməyə qoymadı. Çünki bugünkü kimi Allahınız Rəbb sizə təslim etmək üçün onu inadkar və daşürəkli etdi.
31 Rəbb mənə dedi: “Bax Sixonu və ölkəsini sənə təslim etməyə başlayıram. Oranı fəth edib irs olaraq almağa başla”. 32 Sixon özü və bütün ordusu döyüşmək üçün Yahsada bizim qarşımıza çıxdı. 33 Allahımız Rəbb onu bizə təslim etdi. Biz də Sixonu, övladlarını və bütün ordusunu qırdıq. 34 O vaxt onun bütün şəhərlərini aldıq. Hər bir şəhəri kişi, qadın və uşaqlarla birlikdə tamamilə məhv etdik: kimsəni sağ qoymadıq. 35 Heyvanlarını götürüb aldığımız şəhərləri talan etdik. 36 Arnon vadisinin kənarında Aroerdən və vadidə olan şəhərdən Gileadadək qarşımıza bizdən güclü bir şəhər çıxmadı. Allahımız Rəbb onların hamısını bizə təslim etdi. 37 Lakin Ammonluların ölkəsinə, bütün Yabboq çayı kənarına və dağlıq bölgəsindəki şəhərlərə – Allahımız Rəbbin qadağan etdiyi heç yerə yaxınlaşmadıq.

*2:1 Say. 21:4

*2:4 Yar. 36:8

*2:9 Yar. 19:37

*2:14 Say. 14:28-35

*2:19 Yar. 19:38