15
Borcların bağışlanma ili
(Lev. 25:1-7)
Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayın. Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir. Yadellilərdən borclarınızı geri ala bilərsiniz, lakin İsrailli soydaşlarınızın borclarını bağışlamalısınız. Onda aranızda kasıb olmaz. Əgər Allahınız Rəbbin sizə mülk olaraq almaq üçün verəcəyi torpaqda Onun sözünə tam itaət etsəniz, bu gün sizə buyurduğum əmrlərin hamısına diqqətlə əməl etsəniz, Allahınız Rəbb sizə vəd verdiyi kimi mütləq bərəkət verəcək. Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək.
* Lev. 25:35 Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın. Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin. Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız. 10 Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək. 11  * Mat. 26:11; Mark 14:7; Yəh. 12:8 Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun.
Qullar haqqında
(Çıx. 21:1-11)
12  * Çıx. 21:2 * Lev. 25:39-46 Əgər İbrani soydaşlarınızdan bir kişi və yaxud qadın sizə qul kimi satılıbsa, bu qul altı il sizə qulluq edəndən sonra yeddinci il onu azad edin. 13 Azad edərkən onları əliboş yola salmayın. 14 Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahınız Rəbb sizə necə bərəkət veribsə, siz də onlara elə verin. 15 Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm.
16 Əgər qulunuz sizi və külfətinizi sevirsə, sizinlə güzəranı xoşdursa və “sizdən ayrılmaq istəmirəm” deyirsə, 17 onda bir biz götürüb qulunuzun qulağından keçirərək qapıya batırın. Bundan sonra o ömrü boyu qulunuz olaraq qalacaq. Qarabaşlarınızla da bu cür rəftar edin. 18 Qullarınızı azad etmək sizə çətin gəlməsin. Sizə qulluq etdiyi altı il ərzində muzdlu işçidən ikiqat artıq iş görmüşdür. Sizə Allahınız Rəbb hər işdə bərəkət verəcək.
İlk dəfə doğan heyvanlar
19  * Çıx. 13:12 Mal-qara və qoyun-keçilərinizin ilk doğulan balalarından hər erkək heyvanı Allahınız Rəbb üçün təqdis edin. Öküzlərinizin ilk balalarını işlətməyin, qoyun-keçilərinizin ilk balalarını qırxmayın. 20 Siz ailələrinizlə birgə hər il Allahınız Rəbbin önündə, Onun seçəcəyi yerdə bu heyvanların ətini yeyin. 21 Bir heyvanın qüsuru varsa, axsaq yaxud kordursa, hansısa ciddi çatışmazlığı varsa, onu Allahınız Rəbbə qurban etməyin. 22 Belə heyvanları kəsib şəhərlərinizdə yeyə bilərsiniz. Pak və yaxud murdar insan bu ətdən ceyran və ya maral əti yediyi kimi yeyə bilər. 23  * Yar. 9:4; Lev. 7:26-27; 17:10-14; 19:26; Qanun. 12:16,23-25 Qanını isə yeməyin, onu su kimi torpağa tökün.

*15:7 Lev. 25:35

*15:11 Mat. 26:11; Mark 14:7; Yəh. 12:8

*15:12 Çıx. 21:2

*15:12 Lev. 25:39-46

*15:19 Çıx. 13:12

*15:23 Yar. 9:4; Lev. 7:26-27; 17:10-14; 19:26; Qanun. 12:16,23-25