30
Şəfa və xeyir-dua
Bütün bu hadisələr – qarşınıza qoyduğum xeyir-dua və lənət başınıza gələndə Allahınız Rəbbin sizi səpələdiyi millətlər arasında bunları xatırlayacaqsınız. Siz və övladlarınız Allahınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız, Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq. * Neh. 1:9 Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allahınız Rəbb sizi oradan yığıb geri qaytaracaq. Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq.
Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız. Allahınız Rəbb bütün bu lənətləri isə sizə nifrət və zülm edən düşmənlərinizin üzərinizə tökəcək. Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz. Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq. 10 Bir şərtlə: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün.
11 Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil. 12  * Rom. 10:6-8 Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?” 13 O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?” 14 Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir.
15 Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram. 16 Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız. 17 Əgər bu yoldan dönsəniz, qulaq asmasanız, azaraq, yad allahlara səcdə qılaraq onlara qulluq etsəniz, 18 bu gün sizə bildirirəm ki, mütləq məhv olacaqsınız. İordan çayını keçib mülk olaraq almaq üçün gedəcəyiniz ölkədə uzun ömür sürməyəcəksiniz. 19 Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. 20  * Yar. 12:7; 26:3; 28:13 Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək».

*30:4 Neh. 1:9

*30:12 Rom. 10:6-8

*30:20 Yar. 12:7; 26:3; 28:13