12
Allah tərbiyə verən Atadır
1 Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq.
2 Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
3 Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
4 Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.
5 Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz:
«Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma,
Onun məzəmmətindən ruhdan düşmə.
6 Çünki Rəbb sevdiyini tərbiyələndirər,
Qəbul etdiyi hər oğulu döyər».
7 Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin?
8 Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız.
9 Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi?
10 Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.
11 Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
12 Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin.
13 Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.
Allahın lütfünü rədd etməyin
14 Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
15 Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.
16 Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı.
17 Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı.
18 Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya,
19 şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar.
20 Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər.
21 Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi.
22 Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə,
23 göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına,
24 Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
25 Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir.
26 O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi
«Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm»
deyə vəd etmişdir.
27 «Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar.
28 Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək.
29 Çünki Allahımız yandırıb-yaxan alovdur.