50
İsrailin günahına görə cəzası
1 Rəbb belə deyir:
«Boşadığım ananızın talağı haradadır?
Borc verənlərimin hansı birinə satdım sizi?
Siz şər əməllərinizə görə satıldınız,
Ananız üsyankarlığınız üzündən qovuldu.
2 Bəs nə üçün Mən gələndə heç kim olmadı?
Axı niyə Mən çağıranda cavab verən olmadı?
Məgər Mənim əlim zəifləyib ki,
Xilas etməyə qadir olmasın?
Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı?
Mən qəzəbimlə dənizi quruduram,
Çayları səhraya çevirirəm.
Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür.
3 Mənəm göyləri zülmətə bürüyən,
Oranı çulla örtən».
Rəbbin qulunun itaəti
4 Yorğunlara sözlə dayaq olmağı bilim deyə
Xudavənd Rəbb mənə savadlıların dilini verdi.
O hər səhər qulağımı oyadır ki,
Savadlı adamlar kimi dinləyə bilim.
5 Xudavənd Rəbb qulağımı açdı,
Mən qarşı durmadım, geri çəkilmədim.
6 Məni döyənlər üçün belimi açdım,
Üzümü saqqalımı yolanlara tərəf uzatdım.
Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim.
7 Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam.
Buna görə də üzümü çaxmaq daşı kimi etdim.
Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.
8 Mənə haqq qazandıran yaxındadır.
Mənimlə kim mübahisə etmək istəyir?
Qoy mənimlə üz-üzə gəlsin.
Kimdir rəqibim?
Qoy yanıma gəlsin.
9 Mənə kömək edən Xudavənd Rəbdir.
Kim məni təqsirkar çıxara bilər?
Rəqiblərimin hamısı paltar kimi köhnələcək,
Onları güvə yeyib məhv edəcək.
10 Aranızda Rəbdən qorxan,
Qulunun sözünə qulaq asan varmı?
Qaranlıqda gəzən, nurdan məhrum olan
Rəbbin adına güvənsin, Allahına arxalansın.
11 Ey sizlər, od qalayıb, qığılcımı qoruyanlar,
Hamınız öz odunuza, yandırdığınız qığılcımın içinə atılın.
Mənim əlimdən aldığınız pay bu olacaq:
Əzab içində qalacaqsınız.