14
Hikmətli qadın evini qurar,
Səfeh qadın onu öz əli ilə uçurar.
 
Düz yol tutan Rəbdən qorxar,
Yolunu azan Ona xor baxar.
 
Səfeh lovğa sözlərinə görə kötək qazanar,
Hikmətlinin dili onu qoruyar.
 
Öküz olmayan yerdə axur təmiz olar,
Amma bol məhsul öküzün gücü ilə yaranar.
 
Doğru şahid yalan deməz,
Yalançı şahid yalandan üzə durar.
 
Rişxəndçi hikmət axtaranda onu tapmaz,
Dərrakəli adama bilik tapmaq asan olar.
 
Axmağın qarşısından çəkil,
Onun dilində ağıllı söz tapmazsan.
 
Uzaqgörən hikməti ilə öz yolunu anlar,
Axmaq səfehliyi ilə öz-özünü aldadar.
 
Səfehlər günaha rişxənd edər,
Əməlisalehlər bir-birini məmnun edər.
 
10 Ürək öz dərdini bilər,
Özgələr onun sevincinə şərik olmaz.
 
11 Şərin evi tar-mar olar,
Əməlisalehlərin yurdu çiçək açar.
 
12 * Yol var ki, insanın qarşısında düz görünür,
Amma sonu ölümdür.
 
13 Ürək güləndə də qəmli olar,
Sevincin sonunda da kədər var.
 
14 Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir,
Yaxşı adam isə əməlinin əvəzini alır.
 
15 Cahil hər sözə inanar,
Uzaqgörən hər addımına nəzər salar.
 
16 Hikmətli qorxub pislikdən dönər,
Axmaq ehtiyatsızdır, özünə güvənər.
 
17 Hövsələsiz səfeh-səfeh iş görər,
Pisniyyət adama nifrət edilər.
 
18 Cahil səfehliyi irs alar,
Uzaqgörənin başına bilik tacı qoyular.
 
19 Pislər yaxşıların qarşısında,
Şər adam isə salehin qapısında əyilər.
 
20 Yoxsula qonşusu da nifrət edər,
Zəngini isə çox adam sevər.
 
21 Qonşusuna xor baxan günaha batar,
Məzluma səxavət göstərən nə bəxtiyardır!
 
22 Şər quranlar yolundan azmırlarmı?
Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.
 
23 Hər zəhmətdə bir fayda var,
Boş sözlər insanı ehtiyac içində qoyar.
 
24 Hikmətlinin başına sərvət tacı qoyular,
Axmaqlar səfehliyi ilə tanınar.
 
25 Doğru şahid canları qurtarar,
Yalançı şahid hiylə qurar.
 
26 Rəbdən qorxan tam arxayındır,
Çünki Rəbb onun övladlarının pənahıdır.
 
27 Rəbb qorxusu həyat qaynağıdır,
İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
 
28 Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər,
Əgər təbəələri olmasa, hökmdar süqut edər.
 
29 Gec qəzəblənənin böyük dərrakəsi var,
Hövsələsizlərdən səfehlik çıxar.
 
30 Ürəyin rahatlığı cana həyat verər,
Paxıllıqsa sümükləri çürüdər.
 
31 Kasıba zülm edən Yaradanına xor baxar,
Yoxsula lütf göstərən Ona hörmət edər.
 
32 Şər adam pisliyi üzündən qovular,
Salehin ölümündə belə, pənahı var.
 
33 Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar,
Hətta axmaqların arasında da bəlli olar.
 
34 Salehlik bir milləti ucaldar,
Günah ümmətləri utandırar.
 
35 Padşah ağıllı qulundan razı qalar,
Adbatıransa onun qəzəbinə düçar olar.
 
* 14:12 Sül. 16:25