25
Süleymanın məsəllərinin davamı
Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü.
 
Allahın işlərinin müəmması Onu şərəfləndirər,
Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.
 
Göyün yüksəkliyini, yerin dərinliyini,
Padşahın da qəlbindən keçənləri bilmək olmaz.
 
Tullantını gümüşdən ayırsan,
Zərgərə əl işi qalar.
Əgər şər adam padşahın yanından ayrılarsa,
Taxtı salehliklə möhkəmlənər.
 
* Padşahın hüzurunda özünü ucaltma,
Rütbəlilərin yanında dayanma.
Çünki «buyur yuxarı» dəvətini almaq
Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.
 
Gördüyün şeylər barədə
Dava yaratmağa tələsmə.
Sonra qonşun səni utandırsa, nə edərsən?
Münaqişəni qonşunla özün həll et,
Özgənin sirrini açma.
10 Yoxsa hər eşidən sənə xor baxar,
Bu səni etibardan salar.
 
11 Yerində deyilən sözlər,
Gümüş oymalar içində qızıl almalara bənzər.
 
12 Sözəbaxan insana hikmətlinin məzəmməti
Qızıl sırğa, qızıl bəzək kimidir.
 
13 Biçin zamanı qar kimi sərinlik necədirsə,
Etibarlı elçi də onu göndərən üçün belədir.
O, ağasının ruhunu təzələyir.
 
14 Kim ki vermədiyi bəxşişlərlə öyünür,
Yağışsız buluda və küləyə bənzəyir.
 
15 Səbirlə hökmdarı da inandırmaq olar,
Şirin dil sümükləri belə, yumşaldar.
 
16 Bal tapsan, lazımi qədər ye,
Acgözlüklə yesən, qusarsan.
17 Qonşunun evinə az-az get,
Yoxsa bezər, sənə nifrət edər.
 
18 Kim ki qonşusuna qarşı yalandan şahidlik edir,
Toppuza, qılınca, iti oxa bənzəyir.
 
19 Dar gündə namərdə bel bağlamaq
Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.
 
20 Qəlbi qubarlıya nəğmə söyləmək
Soyuq havada lüt qoyulmağa,
Soda üstə sirkə tökülməyə bənzəyir.
 
21 * Düşmənin acdırsa, onu yedizdir,
Susuzdursa, ona su ver.
22 Belə etməklə sanki onun başına köz tökərsən,
Bunun əvəzini Rəbdən alarsan.
 
23 Şimal küləyi yağış gətirir,
Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.
 
24 Davakar arvadla bir evdə yaşamaqdansa
Damın bir küncündə yaşamaq yaxşıdır.
 
25 Susuzluqdan yanana sərin su necədirsə,
Uzaq diyardan gələn xoş xəbər də elədir.
 
26 Əgər saleh insan pis adama təslim olarsa,
Bulanan bulağa, murdarlanan quyuya bənzəyir.
 
27 Qədərindən çox bal yemək xeyirli olmadığı kimi
Tərifə uymaq da yaxşı deyil.
 
28 Nəfsini saxlaya bilməyən
Dağılmış, hasarsız şəhərə bənzəyir.
 
* 25:6 Luka 14:7-10 * 25:21 Rom. 12:20