26
1 Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimi
Axmağa da şərəf yaraşmaz.
2 Sərçənin ora-bura uçduğu kimi,
Qaranquşun gəlib-getdiyi kimi
Nahaq qarğış da boşdur.
3 Ata qamçı, eşşəyə noxta necə yaraşırsa,
Axmağın kürəyinə də kötək elə yaraşır.
4 Axmağa səfehliyinə görə cavab vermə,
Yoxsa ona bənzərsən.
5 Axmağa səfehliyinə görə elə bir cavab ver ki,
Öz gözündə hikmətli görünməsin.
6 Kim ki axmaq vasitəsilə xəbər göndərir,
Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir.
7 Axmağın ağzından çıxan məsəl
Topalın ayağının axsamağına bənzəyir.
8 Axmağı tərifləmək
Sapanda qoyulan daşa bənzəyir.
9 Sərxoş tikanlı budağı əlində tutduğu kimi
Axmaq da məsəl çəkər.
10 Axmağı, hər yoldan ötəni muzdla tutan
Hamını yaralayan naşı oxatan kimidir.
11 Hansı axmaq öz səfehliyini təkrarlayırsa,
Qusduğuna qayıdan itə oxşayır.
12 Öz gözündə hikmətli sayılanı görmüsənmi?
Axmağa ondan artıq ümid var.
13 Tənbəl deyər: «Yolda aslan var,
Şir küçələri dolanır».
14 Qapı öz oxu üstündə necə fırlanırsa,
Tənbəl də yatağında elə fırlanır.
15 Tənbəl əlini qabda olana batırar,
Ağzına aparmağa ərinər.
16 Tənbəl öz gözündə
Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.
17 Ona aid olmayan münaqişəyə qarışan
Elə bil küçədəki iti qulaqlarından tutur.
18 Odlu, öldürücü oxlar atan dəli necədirsə,
19 Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.
20 Odun qurtaranda ocaq sönər,
Qeybətçi olmayan yerdə dava bitər.
21 Necə ki kömür köz salar, odun alışar,
Davakar adam da münaqişəni bu cür alovlandırar.
22 Qeybətçinin sözləri şirin tikələrə bənzər,
Mədənin ən dərin yerlərinə düşər.
23 Hərarətli dili, şər dolu ürəyi olan insan
Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır.
24 Düşmən kinini dili altında gizlədər,
Qəlbində hiyləsini saxlar.
25 Onun mehriban danışığına inanma,
Qəlbinə yeddi cür iyrənclik doldurub.
26 Nifrətini fırıldaqla gizlətsə də,
Şəri camaat qarşısında üzə çıxar.
27 Quyu qazan özü quyuya düşər,
Daş isə onu yuvarlayanın üstünə gələr.
28 Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər,
Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.