30
Aqurun müdrik məsəlləri
Yaqe oğlu Aqurun sözləri, onun kəlamı.
Bu adam Yetielə, Yetiel və Ukala belə dedi: *
 
Həqiqətən, mən hamıdan ağılsızam,
İnsan idrakına malik deyiləm.
Nə hikmət öyrənmişəm,
Nə də Müqəddəsin biliyindən xəbərim var.
Kim göylərə qalxıb endi?
Kim yeli ovcunda topladı?
Kim suları paltarına sarıdı?
Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı?
Adı nədir? Oğlunun adı nədir?
Bilirsənmi?
 
Allahın hər bir kəlamı safdır,
Ona pənah gətirənlərin sipəri Odur.
Onun sözünə heç nəyi əlavə etmə,
Yoxsa səni tənbeh edər, yalanını çıxarar.
 
Ey Allah, Səndən iki şey istəyirəm,
Nə qədər ömrüm var, məndən onları əsirgəmə:
Saxta, yalan sözlər qoy məndən uzaq olsun;
Məni nə yoxsul, nə də zəngin et,
Ancaq mənə gündəlik çörəyimi ver.
Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm,
Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm.
 
10 Qul barədə ağasına pis sözlər demə,
Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.
 
11 Adam var ki, atasına qarğış edir,
Anasına alqış etmir.
12 Adam var ki, özünü təmiz sanır,
Amma murdarlıqdan təmizlənməyib.
13 Adam var ki, yuxarıdan aşağı baxar,
Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar.
14 Adam var ki, dişləri qılınca bənzər,
Elə bil çənəsinə bıçaqlar düzüb,
Yer üzündən məzlumları udar,
İnsanların içindən fəqirləri məhv edər.
 
15 Zəlinin iki qızı var,
«Ver, ver» deyib bağırar.
 
Üç şey var ki, heç doymaz,
Dörd şey var ki, «bəsdir» deməz:
16 Ölülər diyarı, qısır bətn,
Sudan doymayan torpaq,
«Bəsdir» deməyən alov.
 
17 Kim ki atasına rişxənd edir,
Anasının sözünə xor baxır,
Dərələrdəki qarğalar onun gözlərini deşəcək,
Qartal balaları onun bəbəklərini yeyəcək.
 
18 Mənim ağlım kəsməyən üç şey var,
Anlamadığım dörd şey var:
19 Səmada qartalın yolu,
Qayada ilanın yolu,
Dənizdə gəminin yolu,
Kişi ilə gənc qadının yolu.
20 Zinakar qadının da yolu belədir:
Yeyər, ağzını silər,
«Nə pis iş görmüşəm ki?» deyər.
 
21 Yer üç şeydən lərzəyə gəlir,
Dörd şey var ki, ona tab gətirmir:
22 Qulun padşah olması,
Sarsağın doyunca çörək tapması,
23 Nifrətəlayiq qadının ərə getməsi,
Qarabaşın öz xanımının yerinə keçməsi.
 
24 Yer üzündə dörd şey var,
Kiçik olsa da, hikməti çoxdur:
25 Qarışqalar qüvvətli olmayan birlikdir,
Yemini yayda tədarük edir;
26 Qayadovşanları da güclü olmayan birlikdir,
Evlərini qaya içində tikir;
27 Çəyirtkələrin şahı yoxdur,
Lakin hamısı dəstə-dəstə irəliləyir;
28 Kərtənkələni əllə tutmaq olur,
Amma o, padşah saraylarına çıxır.
 
29 Üç məxluq var ki, yerişi gözəldir,
Dörd məxluq var ki, gedişi gözəldir:
30 Heyvanların ən güclüsü,
Heç nəyin qarşısından geri dönməyən şir,
31 Döyüşkən xoruz, təkə,
Qoşun qabağına çıxan padşah.
 
32 Əgər özünü ucaltmaqla sarsaqlıq etmisənsə,
Fikrində pis niyyətin varsa, əlinlə ağzını tut.
33 Çünki südü çalxalayanda yağ çıxdığı kimi,
Burnu sıxanda qan çıxdığı kimi
Qəzəbi qızışdıranda da dava yaranar.
* 30:1 Bu adam Yetielə, Yetiel və Ukala belə dedi – yaxud ey Allah, yorulmuşam, yorulub taqətdən düşmüşəm. 30:26 Qayadovşanı – ibrani dilində şafan adlanan məməli heyvan.