31
Lemuel padşahın anasının sözləri
Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam.
 
Nə deyim, oğlum, ey doğduğum oğul,
Nəzir-niyazla əldə etdiyim oğul?
Gücünü qadınlara,
Yollarını padşahları məhvə aparanlara sərf etmə.
 
Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz,
Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.
İçəndə qayda-qanunu unudarlar,
Bütün məzlumların haqqını pozarlar.
Kefləndirici içkini düşkünə,
Şərabı dərdliyə verin.
Qoy içib yoxsulluğunu unutsun,
Öz dərdini daha yada salmasın.
 
Dilsizə görə ağız aç,
Bütün möhtacların haqqını qoru.
Ağzını aç, ədalətlə hökm ver,
Məzlumların, fəqirlərin haqqını yerinə yetir.
Xeyirxah arvad
10 Xeyirxah arvad tapan kimdir? *
O, yaqutlardan daha qiymətlidir.
11 Ərinin qəlbi ondan arxayındır,
Dayanmadan bərəkət qazanır.
12 Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir,
13 Yunu, kətanı tapıb seçir,
Əlindən hər iş zövqlə gəlir.
14 Ticarət gəmilərinə bənzəyir,
Uzaqlardan gələn ruzini gətirir.
15 Alaqaranlıqda yuxudan durur,
Ailəsinə yemək hazırlayır,
Kənizlərinə də paylayır.
16 Tarlaya baxandan sonra satın alır,
Əlinin zəhməti ilə bağ salır.
17 Belini möhkəm bağlayır,
Qolları güc üstündən güc alır.
18 Ticarətin şirinliyindən dadır,
Bütün gecə boyu çırağı yanır.
19 Əlləri ilə cəhrə əyirir,
İyini bərkidir.
20 Məzlumlar üçün əliaçıqdır,
Fəqirlərə əl tutur.
21 Qar yağanda ailəsi üçün qayğısı olmaz,
Çünki hamısı qırmızı paltar geyinib.
22 Yorğan-döşək üçün örtük toxuyur,
Öz libası tünd qırmızı incə kətandandır.
23 Əri şəhər darvazalarında yaxşı tanınır,
El ağsaqqalları ilə oturub-durur.
24 Qadın tacirlərə qurşaqları,
Toxuduğu kətan paltarları satır.
25 Qüvvəyə, şərəfə bürünür,
Gələcək üzünə gülür.
26 Ağzını açanda hikmət axır,
Dilindən sədaqət təlimi çıxır.
27 Ailəsinin işini idarə edir,
Tənbələ layiq olan çörəyi yemir.
28 Övladları ayağa qalxıb onu alqışlayır,
Əri onu tərifləyir:
29 «Xeyirxah qadınlar çoxdur,
Amma sənin tayın yoxdur».
30 Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir,
Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir.
31 Ona əlinin bəhrəsini verin,
Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.
* 31:10 Bu ayələr akrostix şəkildə yazılıb, yəni ayələr ibrani əlifbasının sırası ilə başlayır. 31:19 İy – cəhrənin sap dolanan düz çubuğu.