10
Yəhudanın xilası
Yaz yağışı mövsümündə
Rəbdən, şimşək çaxdıran Rəbdən
Yağış istəyin.
O, insanlara bolluca yağış və
Hər kəsin tarlasına ot verəcək.
* Ancaq ev bütlərindən alınan vədlər boş şeydir.
Falçılar boş görüntülər görür,
Mənasız yuxular danışaraq
Əbəs yerə təsəlli verir.
Buna görə də xalq sürü kimi dağınıqdır,
Zəhmət çəkirlər, çünki bir çoban yoxdur.
 
Rəbb deyir:
«Çobanlara qarşı qəzəbim alovlandı,
Başçılarına cəza verəcəyəm.
Ordular Rəbbi Öz sürüsü olan
Yəhuda nəslinin qayğısını çəkəcək.
Onlar əzəmətli döyüş atları kimi olacaq.
Künc daşı, çadır payası,
Döyüş kamanı ondan olacaq.
Bütün xalq başçıları ondan çıxacaq.
Onlar döyüşdə
Düşməni küçələrdə palçıqda tapdalayan
İgidlər kimi olacaq,
Rəbb onlarla olduğu üçün döyüşəcəklər,
Süvariləri utandıracaqlar.
 
Yəhuda nəslini qüvvətləndirəcəyəm,
Yusif xalqını qurtaracağam.
Sürgündən geri qaytaracağam,
Çünki onlara acıyıram.
Elə edəcəyəm ki, sanki onları
Heç əvvəlcədən rədd etməmişəm.
Çünki Mən onların Allahı Rəbbəm,
Onlara cavab verəcəyəm.
Efrayimlilər igidlər kimi olacaq,
Şərab içmiş kimi ürəkləri coşacaq.
Övladları bunu görüb sevinəcək,
Ürəkləri Rəbdə sevinc tapacaq.
 
Fit çalıb onları toplayacağam,
Çünki Mən onları satın almışam.
Əvvəllər necə çoxalırdılarsa,
İndi də eləcə çoxalacaqlar.
Onları xalqlar arasına səpələdimsə də,
Uzaq ölkələrdə Məni yada salacaqlar.
Övladları ilə birgə sağ qalacaq və
Geri qayıdacaqlar.
10 Mən onları yenə Misir ölkəsindən gətirəcək,
Aşşurdan toplayacağam.
Onları Gilead torpağına,
Livana gətirəcəyəm.
Onlara kifayət qədər yer tapılmayacaq.
11 Əziyyət dənizindən keçəcəklər,
Dənizin dalğaları sakitləşəcək,
Nilin bütün dərin suları quruyacaq.
Aşşurun qüruru alçaldılacaq,
Misirin padşahlıq əsası əlindən düşəcək.
12 Onları Rəbdə qüvvətləndirəcəyəm,
Onlar da Rəbbin adı ilə yaşayacaq»
Rəbb belə bəyan edir.
* 10:2 Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Mat. 9:36; Mark 6:34