3
Dördüncü görüntü: baş kahin Yeşua
* * Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı. * Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?» O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı. Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm». Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu.
Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi: «Ordular Rəbbi belə deyir:
“Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan,
Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan.
Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.
* Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın!
Çünki onlar gələcək hadisələrin əlamətidir.
Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.
Yeşuanın önünə qoyduğum daşa baxın!
O tək daşın yeddi gözü var.
Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi,
«Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.
10  * O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq»
Bəyan edir Ordular Rəbbi.
* 3:1 Ezra 5:2 * 3:1 Vəhy 12:10 * 3:2 Yəhd. 9 * 3:8 Yer. 23:5; 33:15; Zək. 6:12 * 3:10 Mik. 4:4