18
Davudun qələbələri
(2Şam. 8:1-18)
1 Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Qatı, onun qəsəbələrini Filiştlilərdən aldı. 2 O, Moavlıları da məğlub etdi və Moavlılar Davuda tabe olub xərac verdilər.
3 Sova padşahı Hadadezer Fərat çayının ətrafındakı yerlərdə hakimiyyətini bərpa etməyə gedəndə Davud Xamatda onu məğlub etdi. 4 O, Hadadezerin min döyüş arabasını aldı, yeddi min süvarisini, iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. 5 Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. 6 Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. 7 O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. 8 *1Pad. 7:40-47; 2Saln. 4:11-18 Davud Hadadezerin şəhərləri olan Tivxatdan və Kundan çoxlu tunc aldı. Sonralar Süleyman ondan tunc hovuzu, sütunları və tunc qabları düzəltdi.
9 Xamat padşahı Tou eşitdi ki, Davud Sova padşahı Hadadezerin bütün ordusunu məğlub edib. 10 O, Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Hadoramı onun yanına göndərdi, çünki Hadadezer Tou ilə həmişə müharibə etmişdi. Hadoram hər cür qızıl-gümüş və tunc əşyalar gətirdi. 11 Padşah Davud bütün millətlərdən – Edomlulardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən və Amaleqlilərdən alıb gətirdiyi qızıl-gümüşlə birgə bunları da Rəbbə həsr etdi.
12 *Zəb. 60 başlıq Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı. 13 O, Edoma hərbi dəstələr yerləşdirdi və bütün Edomlular Davuda tabe oldular. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.
Davudun əyanları
14 Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi.
15 Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; 16 Axituv oğlu Sadoq və Evyatar oğlu Avimelek kahin idi; Şavşa mirzə idi; 17 Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları padşahın baş məmurları idi.