27
Qoşun başçılarının aylıq növbələri
1 İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraillilərin nəsil başçılarının, minbaşıların, yüzbaşıların və məmurların siyahısı budur: 2 birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 3 O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçılarının böyüyü idi. 4 İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi. 5 Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 6 «Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi. 7 Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 8 Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 9 Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 10 Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 11 Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 12 Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 13 Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 14 On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 15 On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
İsrail qəbilələri üzərində olan başçılar
16 İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya; 17 Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq; 18 Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri; 19 Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot; 20 Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel; 21 Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel; 22 Danlıların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır.
23 *Yar. 15:5; 22:17; 26:4 Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi. 24 *2Şam. 24:1-15; 1Saln. 21:1-14 Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı.
Padşahın nəzarətçiləri və məsləhətçiləri
25 Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan; 26 tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri; 27 üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi; 28 yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş; 29 Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat; 30 dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya; 31 qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi.
32 Davudun əmisi Yonatan məsləhətçi idi. O çox ağıllı və savadlı idi. Xakmoni oğlu Yexiel padşah oğullarının tərbiyəçisi idi. 33 Axitofel padşahın məsləhətçisi idi. Arklı Xuşay padşahın həmsöhbəti idi. 34 Axitofeldən sonra yerinə Benaya oğlu Yehoyada və Evyatar oldu. Padşahın ordu başçısı isə Yoav idi.