8
Bütlərə təqdim olunan qurban əti
1 Bütlərə təqdim olunan qurbanlara gəlincə, bizə məlumdur ki, bu barədə «hamımızın biliyi var». Bilik insanın lovğalanmağına səbəb olur, məhəbbət isə onu ruhən inkişaf etdirir. 2 Kim fikirləşir ki, bir şey bilir, o hələ lazım olduğu kimi heç nə bilmir. 3 Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir.
4 Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur». 5 Yerdə və yaxud göydə «allahlar» adlandırılanlar varsa, hətta çoxlu «allahlar» və «sahiblər» varsa, 6 bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb İsa Məsihdir. Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq.
7 Amma bunu hamı bilmir. Hələ bütpərəst adətlərinə uymuş bəziləri yedikləri ətin bütlərə təqdim olunan qurban əti olduğunu düşünür və onlar zəif olduqlarından vicdanları ləkələnir. 8 Yemək bizi Allahın hüzuruna gətirmir. Biz yeməyəndə heç nə itirmirik, yeyəndə də heç nə əldə etmirik. 9 Amma diqqətli olun ki, sizin seçim ixtiyarınız zəif olanların büdrəməsinə səbəb olmasın. 10 Əgər vicdan məsuliyyəti zəif olan şəxs görsə ki, bilik sahibi olan sən büt evində süfrəyə oturmusan, bütlərə təqdim olunan qurbanın ətini yeməyə cürət etməzmi? 11 Bunun nəticəsində bu zəif adam – uğrunda Məsihin öldüyü bu bacı ya qardaş sənin biliyinin ucbatından həlak olacaq. 12 Beləliklə, zəif olan bacı-qardaşlarınıza qarşı günah edib vicdanlarını yaralayanda siz Məsihə qarşı günah edirsiniz. 13 Odur ki, əgər yemək qardaşımı büdrədirsə, mən heç vaxt ət yeməyəcəyəm ki, qardaşım büdrəməsin.