3
Süleymanın Allahdan hikmət istəməsi
(2Saln. 1:3-12)
Süleyman Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu. Öz sarayı, Rəbbin məbədi və Yerusəlimin ətrafındakı divarlar tikilib qurtarana qədər arvadını Davudun şəhərinə gətirdi. Xalq isə hələ səcdəgahlarda qurban gətirirdi, çünki o günlərə qədər Rəbbin adına tikilmiş bir məbəd yox idi. Süleyman atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi, ancaq səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi. Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın. İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» 10 Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. 11 Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, 12 Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq. 13 Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq. 14 Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam».
15 Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi.
Süleymanın hikmətlə hökm verməsi
16 Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu. 17 Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum. 18 Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik. 19 Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü. 20 Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur. 21 Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil».
22 O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər.
23 Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». 24 Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər. 25 Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!» 26 Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim». 27 Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur».
28 Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var.