4
Əhd sandığının ələ keçməsi
Şamuelin sözü bütün İsrailə yayılmışdı. O dövrdə İsraillilər Filiştlilərə qarşı döyüşmək üçün çıxdılar. İsraillilər Even-Ezerdə, Filiştlilər isə Afeqdə ordugah qurdular. Filiştlilər İsraillilərlə döyüşmək üçün düzüldülər. Döyüş qızışanda İsraillilər Filiştlilərə məğlub oldular və döyüş meydanında dörd minə yaxın İsrailli qırıldı. Xalq ordugaha qayıdarkən İsrail ağsaqqalları bir-birindən soruşdu: «Görəsən Rəbb bu gün bizi Filiştlilər qarşısında nə üçün məğlub etdi? Şilodan Rəbbin Əhd sandığını yanımıza gətirək. Qoy aramızda olsun və bizi düşmənlərin əlindən qurtarsın». *Çıx. 25:22 Xalq Şiloya adam göndərdi. Keruvlar arasında taxt qurmuş Ordular Rəbbinin Əhd sandığını oradan gətirdilər. Elinin iki oğlu Xofni və Pinxas Allahın Əhd sandığının yanında idi.
Rəbbin Əhd sandığı ordugaha çatan kimi bütün İsraillilər bərkdən elə qışqırdılar ki, yer titrədi. Bu qışqırığın gurultusunu eşidərkən Filiştlilər belə dedilər: «İbranilərin ordugahında niyə belə böyük qışqırıq və gurultu var?» Ordugaha Rəbbin sandığının gəldiyini bildikdə Filiştlilər qorxub dedilər: «Ordugaha allahlar gəlib, vay halımıza! Çünki bundan əvvəl belə bir şey olmamışdı. Vay halımıza! Bu qüdrətli allahların əlindən bizi kim qurtaracaq? Səhrada Misirlilərə hər cür bəla verən allahlar bunlardır. Ey Filiştlilər, cəsur olun, kişi kimi dayanın! Yoxsa İbranilər sizə necə boyun əydilərsə, siz də onlara elə boyun əyəcəksiniz! Kişi kimi dayanın və döyüşün!»
10 Filiştlilər vuruşdular. İsraillilər məğlub oldu və hamısı öz çadırına qaçdı. Çox böyük qırğın oldu və İsraillilərdən otuz min piyada həlak oldu. 11 Allahın sandığı ələ keçirildi və Elinin iki oğlu – Xofni ilə Pinxas öldü.
Elinin ölümü
12 Bir nəfər Binyaminli döyüş yerindən qaçaraq elə həmin gün gəlib Şiloya çatdı. Onun paltarı cırılmış, başı toz-torpaq içində idi. 13 Budur, o gələn zaman Eli kürsü üstündə oturub yol kənarında gözləyir və Allahın sandığından ötrü ürəyi çırpınırdı. Bu adam şəhərə girib baş verən hadisələri danışanda bütün şəhər şivən qopardı. 14 Eli bu səsi eşidəndə «Bu nə səs-küydür?» deyə soruşdu. Bu adam tez gəlib hər şeyi Eliyə danışdı. 15 Eli doxsan səkkiz yaşında idi, artıq gözləri tutulmuşdu, görmürdü. 16 Həmin adam Eliyə dedi: «Mən döyüş meydanından gəlirəm. Bu gün döyüşdən qaçmışam». Eli soruşdu: «Oğlum, nə baş verib?» 17 Xəbər gətirən adam belə cavab verdi: «İsraillilər Filiştlilərin qabağından qaçdılar və xalq arasında böyük qırğın oldu. İki oğlun Xofni ilə Pinxas ölmüş, Allahın sandığı isə ələ keçirilmişdir». 18 Bu adam Allahın sandığından danışan zaman Eli kürsüdən arxaya – qapının yanına yıxıldı; həm qoca, həm də kök olduğu üçün boynu qırıldı və öldü. O, qırx il İsrail xalqına hakimlik etmişdi.
19 Elinin gəlini – Pinxasın arvadı hamilə idi. Doğuş vaxtı çatmışdı. Allahın sandığının ələ keçirildiyini, qayınatası ilə ərinin ölüm xəbərini eşidərkən onun ağrısı tutdu və çömbəlib doğdu. 20 Ölüm ayağında ona kömək edən qadınlar dedilər: «Qorxma, bir oğlun oldu». O isə bunu əhəmiyyətsiz bir şey saydığı üçün cavab vermədi. 21 Çünki Allahın sandığı ələ keçmiş, qayınatası ilə əri ölmüşdü. Buna görə də «İsrail şərəfdən düşdü» deyərək körpəsinin adını İkavod qoydu. 22 O dedi: «Allahın sandığı ələ keçirildi, İsrail şərəfdən düşdü».

*4:4 Çıx. 25:22