24
Davudun Şaula rəhmi
1 Şaul Filiştliləri təqib edib dönərkən ona belə xəbər verildi: «Davud En-Gedi səhrasındadır». 2 O bütün İsraildən üç min seçmə adam götürüb Davudla adamlarını axtarmaq üçün Dağ Keçiləri qayasının yaxınlığına getdi. 3 *Zəb. 57 başlıq; Zəb. 142 başlıq Yol kənarındakı qoyun ağıllarına gəldi. Orada bir mağara vardı. Şaul ayaqyoluna getmək üçün oraya girdi. Davud adamları ilə mağaranın lap içəri tərəfində oturmuşdu. 4 Davudun adamları ona dedi: «Budur, Rəbbin sənə “bax düşmənini sənə təslim edəcəyəm, gözündə nə xoşdursa, ona edəcəksən” dediyi gün bu gündür». Davud qalxıb gizlicə Şaulun cübbəsinin ətəyindən kəsdi. 5 Sonra Şaulun ətəyindən bir parça kəsdiyinə görə Davudun ürəyi ağrıdı. 6 O, adamlarına belə dedi: «Rəbbin məsh etdiyi ağama əl qaldırıb belə bir iş görməyi Rəbb məndən uzaq etsin, çünki o, Rəbbin məsh olunmuşudur». 7 Davud bu sözlərlə adamlarının qarşısını aldı və onları Şaula qarşı qalxmağa qoymadı. Şaul da mağaradan çıxıb yoluna davam etdi.
8 Ondan sonra Davud qalxıb mağaradan çıxdı və Şaulun arxasınca «Ağam padşah!» deyə çığırdı. Şaul arxaya baxdı. Davud üzüstə yerədək təzim etdi. 9 O, Şaula dedi: «“Davud sənin pisliyini istəyir” deyən adamların sözünə niyə qulaq asırsan? 10 Bax öz gözlərinlə gördün ki, bu gün Rəbb mağarada səni mənə necə təslim etdi. Mənə təklif etdilər ki, səni öldürüm, lakin mən sənə qıymadım. Dedim ki, ağama qarşı əl qaldırmaram, çünki o, Rəbbin məsh olunmuş padşahıdır. 11 Ey atam, əlimdəkinə bax, bu sənin cübbənin ətəyidir. Cübbənin ətəyindən kəsib səni öldürmədiyimdən gör və anla ki, sənə qarşı pislik və qiyam etmək əlimdən gəlmir. Sən canımı almaq üçün məni ovladığın halda mən sənə qarşı günah etmədim. 12 Səninlə mənim aramda qoy Rəbb hakim olsun! Qoy Rəbb səndən mənim qisasımı alsın. Mən sənə əl qaldırmaram. 13 Qədim zamanlardan belə bir məsəl var: “Pislik pislərdən çıxar”. Bu məsəldə deyildiyi kimi sənə əl qaldırmayacağam. 14 İsrailin padşahı kimə qarşı çıxıb? Sən kimi qovursan? Ölü itimi qovursan, yoxsa bir birənimi? 15 Qoy Rəbb səninlə mənim aramda hakim olub hökm versin və baxıb bu çəkişməni görsün, məni sənin əlindən qurtarsın».
16 Davud bu sözləri Şaula söyləyib qurtarandan sonra Şaul «Oğlum Davud, bu sənin səsindirmi?» dedi və bərkdən ağladı. 17 O, Davuda dedi: «Mən sənin qədər saleh deyiləm, çünki sən mənə pisliyimin əvəzinə yaxşılıq etdin. 18 Bu gün də mənə yaxşı münasibətini bəlli etdin, çünki Rəbb məni sənə təslim etdi, sən isə məni öldürmədin. 19 Əgər bir insan düşmənini taparsa, onu salamat buraxarmı? Buna görə də bugünkü işinin əvəzini Rəbb sənə yaxşılıqla ödəsin. 20 İndi isə bax bilirəm ki, sən mütləq padşah olacaqsan və İsrailin padşahlığı sənin əlinə keçib güclənəcək. 21 Məndən sonra nəslimi kəsməyəcəyinə və atamın nəslindən adımı silməyəcəyinə indi burada mənə Rəbbin haqqı naminə and iç». 22 Davud Şaula and içdi və Şaul evinə qayıtdı. Davud isə adamları ilə sığınacağa çıxdı.