31
Şaulla oğullarının ölümü
(1Saln. 10:1-14)
1 Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar, qırılanlar Gilboa dağında qaldı. 2 Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. 3 Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və ağır yaraladılar. 4 Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib qılınclarını mənə batıraraq əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. 5 Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. 6 O gün Şaul üç oğlu, silahdarı və bütün adamları ilə birlikdə belə həlak oldu. 7 Dərənin o biri tərəfində və İordan çayının o biri tayında olan İsraillilər İsrail ordusunun qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərləri qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadılar.
8 Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla üç oğlunun meyitini tapdılar. 9 Şaulun başını kəsib silahlarını götürdülər. Bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. 10 Şaulun silahlarını ilahə Aştoretin məbədinə qoydular və cəsədini Bet-Şean şəhərinin divarına mıxladılar.
11 Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə 12 bütün igidləri qalxıb gecə boyu yol gedərək Şaulun və oğullarının cəsədini Bet-Şeanın divarından götürdülər. Yaveşə gəlib orada cəsədləri yandırdılar. 13 Sonra cəsədlərin sümüklərini götürüb Yaveşdə, yulğun ağacının altında basdırdılar və yeddi gün oruc tutdular.