17
Yəhuda padşahı Yehoşafat
Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi. Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi. Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil, yalnız atasının Allahını axtardı və İsraillilərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi. Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı. Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü.
Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya. Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram. Onlar Yəhudada xalqa təlim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər.
10 Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər. 11 Filiştlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi. 12 Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi. 13 Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı. 14 Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü; 15 onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər; 16 onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü; 17 Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min nəfər, 18 onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər. 19 Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi.