19
1 Yəhuda padşahı Yehoşafat Yerusəlimə, evinə salamat qayıtdı. 2 Xanani oğlu görücü Yehu onun önünə çıxdı və padşah Yehoşafata dedi: «Pis adama kömək etmək və Rəbbə nifrət edənləri sevmək sənə lazım idimi? Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir. 3 Lakin sənin yaxşı işlərin də var: Aşera bütlərini ölkədən yox etdin və öz ürəyini Allahı axtarmaq üçün hazırladın».
Yehoşafatın hakimləri
4 Yehoşafat Yerusəlimdə yaşadı. Təkrar Beer-Şevadan Efrayimin dağlıq bölgəsinə qədər xalq arasında gəzdi və onları atalarının Allahı Rəbbə tərəf döndərdi. 5 Ölkəyə, Yəhudanın bütün qalalı şəhərlərinə hakimlər – hər şəhərə bir hakim qoydu. 6 O, hakimlərə dedi: «Baxın ki nə edirsiniz, çünki insan üçün deyil, Rəbb üçün hakimlik edirsiniz və hakimlik işində O sizinlədir. 7 İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur».
8 Yehoşafat Rəbbin hakimliyinə və mübahisəli işlər üçün Yerusəlimə də bəzi Levililəri, kahinləri və İsrailin nəsil başçılarını təyin etdi. Onlar Yerusəlimə qayıdanda 9 padşah onlara əmr edib dedi: «Rəbb qorxusu ilə, sədaqətlə və bütün ürəklə belə edin: 10 öz şəhərlərində yaşayan qohumlarınızdan sizə gələcək hər mübahisəli iş üçün, istər qan işi olsun, istərsə də qanun, əmr, qayda və hökm barədə olsun, onlara xəbərdarlıq edin ki, Rəbbin qarşısında təqsirkar olmasınlar və Onun qəzəbi sizin və qohumlarınızın üzərinə gəlməsin. Belə etməklə siz təqsirkar olmayacaqsınız. 11 Budur, Rəbbin hər işi üçün başçı kahin Amarya, padşahın hər işi üçün isə Yəhudanın qəbilə rəisi İsmail oğlu Zevadya başçınız olacaq, önünüzdə də Levililər məmur olacaq. Cəsarətlə davranın. Rəbb yaxşılıq edənlərlə olsun».