23
Yeddinci ildə Yehoyada cəsarətləndi və yüzbaşılar Yeroxam oğlu Azarya, Yehoxanan oğlu İsmail, Oved oğlu Azarya, Adaya oğlu Maaseya və Zikri oğlu Elişafatla əhd etdi. Onlar Yəhudanı gəzib oranın bütün şəhərlərindən Levililəri və İsrailin nəsil başçılarını topladılar və Yerusəlimə gəldilər. *2Şam. 7:12 Bütün camaat Allahın məbədində padşahla əhd bağladı. Yehoyada onlara dedi: «Padşahın oğlu budur. Davud oğulları haqqında Rəbbin söylədiyi kimi padşahlıq edəcək. Siz belə edin: sizdən Şənbə günü növbə çəkən kahinlərin və Levililərin üçdə biri astanada duran qapıçılar olsun, üçdə biri padşah sarayında və üçdə biri Bünövrə darvazasında olsun. Bütün xalq isə Rəbbin məbədinin həyətində olsun. Ancaq kahinlərdən və xidmət edən Levililərdən başqa Rəbbin məbədinə heç kəs girməsin, onlar girsin, çünki müqəddəsdirlər. Bütün xalq isə Rəbbin buyurduğunu qorusun. Levililər hər biri silahı əlində padşahı hər tərəfdən əhatəyə alsınlar, məbədə girən hər kəs öldürülsün. Onlar padşah girib-çıxdığı vaxt onunla olsun».
Levililərlə bütün Yəhudalılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər. Hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürdü, çünki kahin Yehoyada bölmələrin heç birini buraxmamışdı. Kahin Yehoyada yüzbaşılara Allahın məbədində olan padşah Davudun nizələrini, qalxanlarını və sipərlərini verdi. 10 Bütün xalqı məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında qoydu. Hər kəsin silahı əlində idi. 11 Yehoyada ilə oğulları şahzadəni irəli çıxartdılar və tacı başına qoyub şəhadətnaməni ona verdilər. Onu padşah olmaq üçün məsh etdilər və «Yaşasın padşah!» dedilər.
12 Atalya qaçışan və padşahı alqışlayan xalqın səsini eşitdikdə xalqın yanına, Rəbbin məbədinə gəldi. 13 O baxıb gördü ki, padşah girəcək yerdə öz sütununun yanında dayanmışdır və rəislərlə kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. İlahiçilər də musiqi alətləri çalaraq ucadan həmd edirdilər. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!» 14 Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşıları çağırıb dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələn qılıncla öldürülsün». Çünki kahin «onu Rəbbin məbədində öldürməyin» demişdi. 15 Atalyanı tutub sarayın atlar darvazasının girəcək yerinə gətirdilər və orada onu öldürdülər.
16 Yehoyada özü və bütün xalqla padşah arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. 17 Bütün xalq Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər. Baalın kahini Mattanı da qurbangahların önündə öldürdülər. 18 Yehoyada Rəbbin məbədi üzərində məsuliyyəti Davudun Rəbbin evində bölmələrə ayırdığı Levili kahinlərə verdi. Davud onları öz qaydasına görə sevinclə və musiqi ilə Musanın Qanununda yazıldığı kimi Rəbbə yandırma qurbanları təqdim etmək üçün Rəbbin məbədinə qoymuşdu. 19 Hər hansı yolla natəmiz bir kəs girməsin deyə Rəbbin məbədinin qapılarına qapıçılar qoydu. 20 O, yüzbaşıları, əyanları, xalqın valilərini, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və yuxarı darvazadan keçib saraya gəldilər. Padşahı padşahlıq taxtında oturtdular. 21 Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi, çünki Atalyanı qılıncla öldürmüşdülər.

*23:3 2Şam. 7:12