4
Elişanın yoxsul dul qadına kömək etməsi
Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi». Elişa ona dedi: «Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?» Qadın dedi: «Bir qab yağdan başqa bu kənizinin evində heç nə yoxdur». Elişa dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun. Sonra içəri gir, özünün və oğullarının dalınca qapını bağla, öz yağını bütün bu qablara tök və onları doldurub bir tərəfə qoy».
Qadın onu tərk edib qapını özünün və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu. Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir». Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi. Qadın gəlib bunları Allah adamına danışdı, o da dedi: «Get yağı satıb borcunu ödə. Qalanı ilə də oğullarınla birgə dolanarsan».
Elişa və Şunemli varlı qadın
Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. 10 Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».
11 Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı. 12 O, nökəri Gehaziyə dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı və qadın onun qarşısında dayandı. 13 Elişa nökərinə dedi: «İndi qadına söylə: “Bizim üçün bu qədər zəhmət çəkmisən. Mən sənin üçün nə edə bilərəm? Sənin barəndə padşahla ya ordu başçısı ilə danışım?”» Gehazi bunu söylədi. Qadın dedi: «Yox, lazım deyil, mən öz xalqımla birgə yaşayıram». 14 Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır». 15 Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu. 16 Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!» 17 Elişanın söylədiyi kimi qadın hamilə oldu və bir il sonra həmin fəsildə bir oğlan doğdu.
18 Uşaq böyüdü. O, bir gün biçinçilərlə birgə işləyən atasının yanına getdi. 19 O, atasına «Başım ağrıyır, başım!» dedi. Atası nökərə dedi: «Onu anasının yanına apar». 20 Nökər onu götürüb anasının yanına gətirdi. O, günortaya qədər anasının dizləri üstündə qaldı və sonra öldü. 21 Qadın yuxarı çıxıb uşağı Allah adamının yatağı üstünə uzandırdı, sonra qapını dalınca örtüb çıxdı. 22 O, ərini çağırıb dedi: «Nökərlərindən biri ilə mənə bir eşşək göndər. Tez Allah adamının yanına gedib-qayıdacağam». 23 Əri dedi: «Nə üçün bu gün onun yanına gedirsən? Nə Təzə Ay mərasimi, nə də Şənbə günüdür». Qadın dedi: «Eybi yox». 24 O, eşşəyi palanlayıb nökərinə dedi: «Sür və mən sənə deməyincə dayanma». 25 O getdi və Karmel dağına, Allah adamının yanına gəldi.
Allah adamı qadını uzaqdan gördükdə nökəri Gehaziyə dedi: «Şunemli qadın buraya gəlir. 26 İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq». 27 Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi». 28 Qadın dedi: «Mən ağamdan uşaq istədimmi? “Məni aldatma” demədimmi?» 29 Elişa Gehaziyə dedi: «Belini qurşa və əsamı əlinə götürüb get. Əgər bir adamla rastlaşsan, ona salam vermə və sənə salam verənin salamını alma. Get, əsamı oğlanın üzünün üstünə qoy». 30 Oğlanın anası dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Elişa qalxıb onun dalınca getdi. 31 Gehazi onlardan qabaq getdi və əsanı oğlanın üzünün üstünə qoydu, ancaq nə bir səs, nə də bir cavab oldu. Gehazi Elişanı qarşılamaq üçün geri döndü və «oğlan dirilmədi» deyə ona bildirdi.
32 Elişa evə girdi. Ölən oğlan onun yatağı üstündə uzanmışdı. 33 O içəri girib qapını onların üzünə bağladı və Rəbbə dua etdi. 34 Sonra yatağa qalxıb uşağın üstünə əyildi. Ağzını onun ağzının, gözlərini onun gözlərinin, ovuclarını onun ovuclarının üstünə qoydu. Uşağın bədəni isindi. 35 Elişa yataqdan düşüb otaqda o tərəf-bu tərəfə gəzdi. Sonra yenə yatağa qalxıb onun üstünə əyildi. Oğlan yeddi dəfə asqırıb gözlərini açdı. 36 Elişa Gehazini çağırıb dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı. Qadın Elişanın yanına gələndə o dedi: «Al oğlunu». 37 Qadın gəlib Elişanın ayaqlarına düşərək yerə qədər əyildi və oğlunu götürüb getdi.
Elişanın şorbanı pak etməsi
38 Elişa yenə Qilqala gəldi. Vilayətdə aclıq idi. Peyğəmbərlər onun önündə oturmuşdular. O, nökərinə dedi: «Böyük qazanı ocağa qoy və peyğəmbərlər üçün şorba bişir». 39 Onlardan biri ot yığmaq üçün çölə çıxdı. Bir çöl tənəyi tapıb ondan ətək dolusu yabanı balqabaq yığdı və gətirib şorba qazanına doğradı. Bunun nə olduğunu bilməyərək 40 yemək üçün adamlara verdilər. Şorba yeyənlər qışqırıb dedilər: «Qazandakı yeməkdən yesək, ölərik, ey Allah adamı!» Heç kəs ondan yeyə bilmədi. 41 Elişa dedi: «Elə isə un gətirin». Sonra onu qazana atıb dedi: «Adamlar üçün tök, yesinlər». Qazanda zərərli bir şey olmadı.
Elişanın yüz adama çörək verməsi
42 Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk nübardan bişirilən iyirmi kömbə arpa çörəyi və təzə sünbülləri torbada gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər». 43 Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”». 44 Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı.