18
Yəhuda padşahı Xizqiya
(2Saln. 29:1-2; 31:1)
1 İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu. 2 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi. 3 Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 4 *Say. 21:9 O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştan *Nexuştan – ibrani dilində tunc parçası. qoyub o vaxta qədər ona buxur yandırırdılar.
5 Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı. 6 O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi. 7 Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı. 8 Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı.
9 Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı. 10 Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı. 11 Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi. 12 Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər.
Aşşurluların Yəhudaya hücum etməsi
(2Saln. 32:1-19; Yeş. 36:1-22)
13 Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. 14 Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi. 15 Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi. 16 O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi.
Aşşur padşahının Yerusəlimi hədələməsi
17 Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar. 18 Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı.
19 Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? 20 Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? 21 *Yez. 29:6-7 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. 22 Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsiniz. Məgər bu həmin Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız Yerusəlimdəki bu qurbangahın önündə səcdə edin› demədimi? 23 İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. 24 Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! 25 Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».
26 Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». 27 Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər».
28 Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! 29 Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək. 30 Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. 31 Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. 32 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız. ‹Rəbb bizi qurtaracaq› deyib sizi azdıran Xizqiyaya qulaq asmayın. 33 Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? 34 Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin, Henanın və Avvanın allahları? Onlar Samariyanı mənim əlimdən qurtardılarmı? 35 Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»
36 Xalq susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. 37 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.