8
Davudun qələbələri
(1Saln. 18:1-17)
1 Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Meteq-Ammahı Filiştlilərdən aldı. 2 Moavlıları da məğlub etdi və yerə uzadaraq ölçü ipi ilə ölçdü, ölçdüyü iki cərgəni öldürdü, bir cərgəni isə sağ buraxdı. Moavlılar Davuda tabe olub xərac verdilər.
3 Sova padşahı Rexov oğlu Hadadezer Fərat çayının ətrafında öz hakimiyyətini bərpa etmək üçün gedəndə Davud onu məğlub etdi. 4 O, Hadadezerin min yeddi yüz süvarisini və iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. 5 Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. 6 Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. 7 O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. 8 Padşah Davud Hadadezerin Betah və Berotay şəhərlərindən çoxlu tunc aldı.
9 Xamat padşahı Toi eşitdi ki, Davud Hadadezerin bütün ordusunu məğlub edib. 10 Toi padşah Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Yoramı onun yanına göndərdi, çünki Hadadezer Toi ilə həmişə müharibə etmişdi. Yoram Davuda qızıl-gümüş və tunc əşyalar bəxş etdi. 11 Padşah Davud bu bəxşişləri də, özünə tabe etdirdiyi bütün millətlərdən – 12 Aramlılardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən, Amaleqlilərdən əldə etdiyi qızıl-gümüşü də Sova padşahı Rexov oğlu Hadadezerdən əldə edilən talan malı ilə birlikdə Rəbbə həsr etdi.
13 *Zəb. 60 başlıq Duz vadisində Davud Edomlulardan on səkkiz min nəfəri qırandan sonra geri qayıdan zaman ad qazandı. 14 Edoma hərbi dəstələr yerləşdirdi. Edomun hər tərəfinə hərbi dəstələri yerləşdirəndən sonra Edomluların hamısı Davuda tabe oldu. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.
15 Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi. 16 Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; 17 Axituv oğlu Sadoq və Evyatar oğlu Aximelek kahin idi; Seraya mirzə idi; 18 Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları isə vəzir idi.