11
Mən Midiyalı Daranın padşahlığının birinci ilində ona dayaq olmaq və onu qorumaq üçün yanında qaldım.
Şimal və cənub padşahlarının müharibəsi
İndi həqiqəti sənə bildirirəm: Fars ölkəsində daha üç padşah olacaq. Dördüncüsünün isə hamısından çox var-dövləti olacaq və bunun hesabına qüvvətlənəndə hamını Yunan padşahlığına qarşı qaldıracaq. Sonra igid bir padşah gələcək, çox qüdrətli hökmdar olacaq və öz istədiyini edəcək. Ancaq onun gəldiyi vaxt padşahlığı dağılıb göylərin dörd küləyinin səmtinə bölünəcək, onun nəslinə keçməyəcək və hökmranlığı kimi güclü olmayacaq. Çünki onun padşahlığı dağılacaq və nəslindən olmayan adamlara qalacaq.
Cənub padşahı güclənəcək, ancaq sərkərdələrindən biri ondan daha güclü olacaq, hökmranlıq edəcək və qüdrətli hökmdar olacaq. Ancaq bir neçə ildən sonra onlar razılığa gələcək. Cənub padşahının qızı şimal padşahının yanına gedəcək ki, sülh sazişi bağlasın. Amma bu qadın öz mövqeyini saxlaya bilməyəcək. Şimal padşahının ömrü də, hakimiyyəti də uzun sürməyəcək. Qadın, onu müşayiət edənlər, atası və o vaxt ona dayaq duranlar təslim ediləcək. Lakin o qadının nəslindən biri cənub padşahının yerinə keçəcək. O, şimal padşahının ordusuna hücum edib onun qalasına girəcək. Onlarla vuruşub üstün gələcək. Hətta onların allahlarını, tökmə bütlərini qiymətli qızıl və gümüş qabları ilə birlikdə Misirə çəkib aparacaq. Bir neçə il ərzində şimal padşahını rahat buraxacaq. Hərçənd o da cənub padşahının ölkəsinə hücum edəcək, ancaq öz torpağına qayıdacaq.
10 Sonra şimal padşahının oğulları silahlanıb çoxlu qoşun toplayacaq. Qoşun sel kimi gəlib keçəcək və irəliləyərək cənub padşahının qalasına hücum edəcək. 11 Cənub padşahı qəzəblənib çıxacaq və onunla – şimal padşahı ilə vuruşacaq. O da böyük bir qoşun çıxaracaq, lakin bu qoşun cənub padşahına təslim ediləcək. 12 Qoşun məğlub olanda cənub padşahı ürəyi qürrələnərək on minlərlə adamı həlak edəcək, ancaq qələbəsi uzun sürməyəcək. 13 Çünki şimal padşahı qayıdıb əvvəlkindən daha böyük qoşun çıxaracaq və bir neçə ildən sonra tam silahlanmış böyük bir ordu ilə gələcək.
14 O zaman bir çoxu cənub padşahına qarşı çıxacaq. Görüntü yerinə yetsin deyə sənin xalqından qoluzorlular da ayağa qalxacaq, ancaq uğur qazanmayacaq. 15 Şimal padşahı gəlib hasarlara torpaq yığaraq istehkamlı şəhəri alacaq. Cənubun qüvvələri onun qarşısında tab gətirməyəcək, seçmə qoşunu da müqavimət göstərə bilməyəcək. 16 İstilaçı şimal padşahı istədiyini edəcək və heç kəs onun qarşısında dura bilməyəcək. Gözəl ölkədə bir müddət qalacaq və oranı viran etməyə qadir olacaq.
17 Şimal padşahı ölkəsinin bütün qüvvələri ilə birgə gəlməyi qərara alacaq. Sülh sazişinin şərtlərini təklif edib yerinə yetirəcək və cənub padşahlığını məhv etmək üçün ona gənc bir arvad verəcək, ancaq hiyləsi baş tutmayacaq və ona kömək olmayacaq. 18 Sonra nəzərini sahil ölkələrinə çevirəcək və onların çoxunu alacaq. Ancaq bir sərkərdə onun etdiyi təhqirə son qoyacaq, hətta təhqirini öz başına gətirəcək. 19 Sonra nəzərini öz ölkəsinin qalalarına tərəf çevirəcək. Ancaq büdrəyib yıxılacaq və ondan bir əsər qalmayacaq.
20 Onun yerinə keçən padşah padşahlıq izzəti üçün öz vergiyığanını göndərəcək, ancaq az müddət sonra o da həlak olacaq. Amma bu, üsyan yaxud müharibə zamanı olmayacaq.
Qəddar şimal padşahı
21 Onun yerinə padşahlıq izzətinə layiq olmayan namərd bir adam keçəcək. O gözlənilmədən gəlib yaltaqlıqla hakimiyyəti qəsb edəcək. 22 Sel kimi istilaçı qoşunlar onun önündən silinib-süpürüləcək, onlar da, əhdin başçısı da məhv olacaq. 23 Onunla ittifaq bağlandıqdan sonra o hiylə işlədəcək və gəlib kiçik bir millətlə güc qazanacaq. 24 O gözlənilmədən ən münbit torpaqları istila edəcək, atalarının və babalarının görmədiyi işləri görəcək. Talan və qarət olunmuş mal-dövləti adamlarına paylayacaq və qalalara hücum etmək niyyətində olacaq, amma bu uzun sürməyəcək.
25 Sonra güc və cəsarət toplayıb böyük bir qoşunla cənub padşahına qarşı çıxacaq. Cənub padşahı da böyük və çox güclü bir ordu ilə döyüşə girəcək, ancaq müqavimət göstərə bilməyəcək, çünki ona qarşı qəsd quracaqlar. 26 Onunla bir süfrədə oturanlar onu məhv edəcək. Ordusu silinib-süpürüləcək və çoxlu tələfat olacaq. 27 Bu padşahların hər ikisinin ürəyində pislik olacaq və bir süfrə arxasında yalan danışacaqlar. Ancaq heç bir şey baş tutmayacaq, çünki onların sonu müəyyən vaxtda olacaq.
28 Şimal padşahı böyük sərvətlə öz ölkəsinə qayıdacaq. Onun müqəddəs əhdə qarşı pis niyyəti olacaq və hərəkətə gəlib öz ölkəsinə dönəcək. 29 Müəyyən bir vaxt yenə cənubu istila edəcək, ancaq nəticə əvvəlki kimi olmayacaq. 30 Kittim *Kittim – dar mənada Kipr adası, geniş mənada isə Aralıq dənizi xalqları, xüsusilə Romalılar nəzərdə tutulur. gəmiləri ona qarşı gələcək və o, ruhdan düşüb geri dönəcək. Qəzəblənib müqəddəs əhdə qarşı çıxacaq və yenə müqəddəs əhdə xəyanət edənlərlə yaxşı davranacaq. 31 *Dan. 9:27; 12:11; Mat. 24:15-16; Mark 13:14 Onun göndərdiyi qoşunlar qalxıb qalanı – Müqəddəs məkanı murdarlayacaq, daimi yandırma qurbanını dayandıracaq və viranəlik gətirən iyrənc şeyi orada qoyacaqlar. 32 O, əhdə xəyanət edənləri yaltaqlıqla yoldan azdıracaq, lakin öz Allahını tanıyan xalq qüvvətlənib hərəkətə gələcək. 33 Xalqın ağıllı adamları çoxunu öyrədəcək, ancaq bir müddət qılıncla öldürüləcək, yandırılacaq, əsir düşəcək və qarət ediləcəklər. 34 Onlar məğlub olanda bir qədər kömək alacaqlar, ancaq çox adam riyakarcasına onlara qoşulacaq. 35 Ağıllı adamlardan bəzisi həlak olacaq ki, qalanları axır zamana qədər paklanıb təmizlənsin və ləkəsiz olsun. Çünki axır zaman yenə də müəyyən vaxtda olacaq.
Şimal padşahının məğrurluğu
36 *2Sal. 2:4 *Vəhy 13:5-6 Bu padşah istədiyini edəcək, qürurlanaraq özünü bütün allahlardan üstün sayacaq, allahlar Allahına qarşı eşidilməmiş küfr söyləyəcək və Allahın qəzəbi icra olunana qədər uğur qazanacaq, çünki müəyyən edilən şey yerinə yetməlidir. 37 Heç bir allaha – nə öz atalarının allahlarına, nə də qadınların sevdiyi ilahəyə ehtiram göstərməyəcək, çünki özünü bütün allahlardan üstün sayacaq. 38 Ancaq onun əvəzinə qalalar allahını izzətləndirəcək, atalarının tanımadığı bir allahı qızıl, gümüş, qiymətli daşlar və gözəl əşyalarla izzətləndirəcək. 39 O, yad allaha ümid etməklə ən güclü qalalara hücum edəcək. Onu qəbul edənləri həddindən artıq izzətləndirəcək, çoxlu adama başçı qoyacaq və mükafat olaraq torpağı bölüşdürəcək.
40 Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək. 41 Gözəl ölkəyə də girəcək. Çoxlu ölkə işğal olunacaq, ancaq Edom, Moav və Ammonluların başçıları onun əlindən qurtaracaq. 42 O, müxtəlif ölkələrə zərbə vuracaq, Misir ölkəsi də xilas ola bilməyəcək. 43 Misirin qızıl-gümüş xəzinələrini və bütün sərvətlərini ələ keçirəcək. Liviyalılar və Kuşlular da ona tabe olacaq. 44 Ancaq şərqdən və şimaldan gələn xəbərlər onu narahat edəcək. Bir çoxlarını öldürüb məhv etmək üçün böyük qızğınlıqla yola düşəcək. 45 Öz padşah çadırlarını dənizlə gözəl müqəddəs dağın arasında quracaq. Ancaq onun aqibəti çatacaq və heç kəs ona kömək edə bilməyəcək.

*11:30 Kittim – dar mənada Kipr adası, geniş mənada isə Aralıq dənizi xalqları, xüsusilə Romalılar nəzərdə tutulur.

*11:31 Dan. 9:27; 12:11; Mat. 24:15-16; Mark 13:14

*11:36 2Sal. 2:4

*11:36 Vəhy 13:5-6