10
Səkkizinci cəza: çəyirtkə
Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim. Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm».
Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin! Əgər sən Mənim xalqımı azad etməsən, Mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm. Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər. Onlar sənin, əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı.
Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?»
Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?» Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik». 10 Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var. 11 Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz hüzurundan qovdu.
12 Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər». 13 Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi. 14 *Yoel 2:2; Vəhy 9:2-3 Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq. 15 Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı. 16 Firon tələsik Musanı və Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim, 17 xahiş edirəm, təkcə bu dəfə günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin». 18 Musa fironun yanından çıxıb Rəbbə yalvardı. 19 Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı. 20 Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını buraxmadı.
Doqquzuncu cəza: zülmət
21 *Zəb. 105:28; Vəhy 16:10 Sonra Rəbb Musaya dedi: «Əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət, qatı qaranlıq olsun». 22 Musa əlini göyə tərəf uzatdı və Misir torpağında üç gün qatı zülmət oldu. 23 Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi.
24 Firon Musanı çağırıb dedi: «Gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq qoyun-keçiniz və mal-qaranız burada qalsın». 25 Musa isə dedi: «Sən bizə ünsiyyət qurbanları və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək. 26 Heyvanlarımız da bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik». 27 Rəbb fironun ürəyini inadkar etdi və o, İsrail övladlarını buraxmaq istəmədi.
Musa fironun yanından çıxır
28 Sonra firon Musaya dedi: «Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən». 29 Musa dedi: «Düz deyirsən, bir daha gözünə görünmərəm».

*10:14 Yoel 2:2; Vəhy 9:2-3

*10:21 Zəb. 105:28; Vəhy 16:10