39
Kahinlərin geyimlərinin düzəldilməsi
(Çıx. 28:1-14)
1 Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar.
2 Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan hazırladılar. 3 Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər. 4 Hər iki ucunu bir-birinə bağlayan çiyinlik düzəltdilər ki, o bərkidilsin. 5 Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
6 Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını 7 efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Döşlüyün düzəldilməsi
(Çıx. 28:15-30)
8 Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər. 9 Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi. 10 Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd; 11 ikinci sıra firuzə, göy yaqut və almaz; 12 üçüncü sıra sirkon, əqiq və ametist; 13 dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı. 14 Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi.
15 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar. 16 İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar. 17 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya taxdılar. 18 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar. 19 Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar. 20 Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər. 21 Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Kahinlərin digər geyimlərinin düzəldilməsi
(Çıx. 28:31-43)
22 Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər. 23 Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular.
24 Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər. 25 Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər. 26 Beləcə xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
27 Harun və oğulları üçün toxunma incə kətan xirqələri, 28 nəfis toxunmuş incə kətandan çalma, incə kətan papaqları, əyirmə incə kətan alt paltarı, 29 nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30 Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar. 31 Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
İşin tamamlanması
(Çıx. 35:10-19)
32 Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. 33 Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, 34 qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini, 35 Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını, 36 masanı və onun ləvazimatını; təqdis çörəklərini, 37 xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını, 38 qızıl qurbangahını, məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini, 39 tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını, 40 həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları, 41 müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər. 42 Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. 43 Musa bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara xeyir-dua verdi.