11
Allahın cəzası
Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm. Rəbb mənə dedi: «Ey bəşər oğlu, pis şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar bunlardır. Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir. Buna görə də onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et».
Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm. Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”. Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz ölülər ət, şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam. Siz qılıncdan qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. Sizi beləcə cəzalandıracağam. 10 Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 11 Bu şəhər sizə qazan olmayacaq, siz də onun içində ət olmayacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. 12 Onda biləcəksiniz ki, Rəbb Mənəm. Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, ətrafınızda olan millətlərin hökmlərinə görə davrandınız”».
13 Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?»
14 Onda mənə Rəbbin bu sözü nazil oldu: 15 «Öz qohum-əqrəbana, qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk olaraq bizə verildi”. 16 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs məkan oldum”. 17 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm. 18 Oraya qayıdanda bütün mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər. 19 *Yez. 36:26-28 Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki, 20 qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim xalqım, Mən də onların Allahı olacağam. 21 Ancaq ürəkləri öz mənfur və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
22 *Yez. 43:2-5 Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. 23 Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı. 24 Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə, sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu. 25 Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.

*11:19 Yez. 36:26-28

*11:22 Yez. 43:2-5