15
Yerusəlimin tənəklə müqayisəsi
Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, üzüm tənəyinin ağacı hər hansı bir meşə ağacındakı budağın ağacından nə ilə üstündür? Bir işdə istifadə etmək üçün ondan ağac alınırmı? Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi? Budur, o yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası qovrulandan sonra daha bir işə yarayarmı? Bütöv olanda da bir işə yaramırdı, od onu yandırıb-qurtaranda və ortası qovrulanda heç bir işə yaramayacaq.
Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam. Mən üzümü onlara qarşı çevirəcəyəm. Oddan qaçsalar da, od yenə onları yandıracaq. Üzümü onlara qarşı çevirəndə biləcəksiniz ki, Rəbb Mənəm. Ölkəni viran edəcəyəm, çünki onlar xainlik etdi” Xudavənd Rəbb belə bəyan edir».