38
Qoq əleyhinə peyğəmbərlik
Mənə Rəbbin bu sözü nazil oldu: *Vəhy 20:8 «Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam. Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları, Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan Toqarma nəslini və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub çıxaracağam.
Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. Onları sən qoruyacaqsan. Uzun müddət sonra döyüşə çağırılacaqsan. Gələcək illərdə qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. O ölkənin sakinləri çoxlu xalq içindən İsrail dağlarına toplanmışdı. Bu dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar arasından geri qaytarılacaq və hamısı asayiş içində yaşayacaq. Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”.
10 Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək, pis niyyətlər qurub 11 deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur. 12 Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan. 13 Səba, Dedan, Tarşiş tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?›”
14 Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki, Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda bunu dərk etməyəcəksinizmi? 15 Sən və özünlə birgə bir çox xalqlardan olan və hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu öz yerindən – uzaq şimaldan gələcəksən. 16 Ölkəni bürüyən bir bulud kimi xalqım İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni öz ölkəmin üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə göstərdiyim zaman millətlər məni tanıya bilsin”.
17 Xudavənd Rəbb belə deyir: “Məgər sən qədim zamanlarda İsrail peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam deyilsən? Bu peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə peyğəmbərlik etdi. 18 O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb. 19 “Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail torpağında böyük bir zəlzələ olacaq. 20 Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq. 21 Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək. 22 *Vəhy 8:7; 14:9-10 Üstünə vəba gətirib qanını tökərək onu cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın üstünə leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam. 23 Beləcə əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.

*38:2 Vəhy 20:8

*38:22 Vəhy 8:7; 14:9-10