7
1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm. 2 Hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür, 3 həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür; qoy bütün yer üzündə onların nəsli kəsilməsin. 4 Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». 5 Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
6 Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. 7 *Mat. 24:38-39; Luka 17:27 Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. 8 Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin 9 erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
10 Yeddi gün sonra yer üzündə daşqın oldu. 11 *2Pet. 3:6 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. 12 Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.
13 Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. 14 Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi: 15 həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 16 Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.
17 Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. 18 Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. 19 Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. 20 Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. 21 Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. 22 Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. 23 Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 24 Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.