40
Yusif məhbusların yuxusunu yozur
1 Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər. 2 Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi 3 və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı. 4 Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.
5 Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü. 6 Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü. 7 Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?» 8 Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».
9 Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var. 10 Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi. 11 Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim». 12 Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür. 13 Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən. 14 Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart. 15 Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm».
16 Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var. 17 Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi». 18 Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür. 19 Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək».
20 Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı. 21 Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi, 22 baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu. 23 Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu.