44
Yusifin itmiş kasası
Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy. Kiçiyinin çuvalının ağzına isə mənim kasamı – gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi. Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar. Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».
Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi. Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik? Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq». 10 O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız». 11 Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı. 12 Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı. 13 Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.
14 Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar. 15 Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?» 16 Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq». 17 O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin».
18 Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan. 19 O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda 20 biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”. 21 Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”. 22 Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”. 23 Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”. 24 Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq. 25 Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”. 26 Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”. 27 Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu. 28 Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm. 29 Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. 30 İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız 31 onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. 32 Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”. 33 İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin. 34 Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».