5
İsrailin cəzası
1 Ey kahinlər, bunu eşidin!
Ey İsrail nəsli, diqqətlə dinləyin!
Ey padşah sarayında olanlar, qulaq verin!
Sizin barənizdə hökm çıxarıldı,
Çünki siz Mispada bir tələ,
Tavor dağına sərilmiş bir tor oldunuz.
2 Qanunsuzlar adam öldürməklə məşğuldur.
Amma Mən onların hamısını cəzalandıracağam.
3 Efrayimi tanıyıram,
İsrail Məndən gizli deyil,
Çünki indi sən fahişəlik edirsən, ey Efrayim,
İsrail də murdarlanıb.
4 Əməlləri qoymur ki, onlar
Özlərinin Allahına tərəf dönsün,
Çünki içlərində xəyanət ruhu var,
Rəbbi də tanımırlar.
5 İsrailin qüruru özünə qarşı şəhadət edir.
İsraillə Efrayim
Günahlarından ötrü büdrəyib-yıxılır.
Yəhuda da onlarla birgə yıxılır.
6 Qoyun-keçi, mal-qara qurban edərək
Rəbbi axtarmağa gedəcəklər,
Amma tapmayacaqlar,
Çünki Rəbb onları tərk etdi.
7 Onlar Rəbbə xəyanət etdi,
Çünki bic uşaqlar doğdu.
İndi Təzə Ay mərasimi olanda
Onlar tarlaları ilə birlikdə məhv olacaq.
8 Giveada şeypur çalın,
Ramada kərənay çalın,
Bet-Avendə car çəkin,
Düşmən arxandadır, ey Binyamin!
9 Efrayim cəza günündə viran olacaq,
Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
10 Yəhuda başçıları
Sərhəd daşı dəyişənlərə bənzəyir.
Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
11 Efrayim zülm gördü,
Hökm ilə əzildi,
Çünki bilə-bilə
Boş şeylərin dalınca getdi.
12 Mən Efrayimlilərə qarşı güvə,
Yəhuda nəsli üçün kif olacağam.
13 Efrayim xəstəliyini,
Yəhuda yarasını gördü.
Efrayim Aşşura getdi,
Böyük padşahdan kömək istədi,
Amma o sizə şəfa verməz,
Yaranızı sağaltmaz.
14 Bəli, Mən Efrayimlilərə qarşı bir şir,
Yəhuda nəsli üçün cavan aslan olacağam.
Mən, Mən onu parçalayıb gedəcəyəm,
Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
15 Sonra qayıdıb Öz məskənimə gedəcəyəm,
O vaxtacan ki özlərini günahkar sayaraq
Mənim hüzurumu axtaracaqlar.
Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».