14
Rəbbin İsrailə müraciəti 
  1 Allahın Rəbbə üz tut, ey İsrail,  
Çünki günahlarından ötrü büdrədin.   
 2 Dua sözləri ilə Rəbbə tərəf dönün.  
Ona belə deyin:  
«Hər qəbahətimizi bağışla,  
Bizi mərhəmətlə qəbul et.  
Buğalar yerinə ağzımızdan çıxan  
Şükürləri təqdim edirik.   
 3 Aşşur bizi xilas etməyəcək,  
Atların belinə minməyəcəyik,  
Artıq əl işlərimizə  
“Allahlarımız” deməyəcəyik.  
Çünki yetim Səndən mərhəmət görəcək».   
 4 «Onların dönüklüyünə əlac edəcəyəm,  
Onları ürəkdən sevəcəyəm,  
Çünki qəzəbim onlardan vaz keçdi.   
 5 Mən İsrailə bir şeh olacağam,  
O, zanbaq kimi çiçək açacaq,  
Livan sidri kimi kök atacaq.   
 6 Qollu-budaqlı olacaq,  
Zeytun ağacı kimi gözəl olacaq,  
Livan sidri kimi ətir saçacaq.   
 7 Adamlar yenə də kölgəsi altında oturub  
Buğda kimi cücərəcək,  
Meynə kimi tumurcuqlayacaq,  
Şöhrəti Livan şərabı kimi olacaq.   
 8 Efrayim deyəcək:  
“Artıq bütlər nəyimə gərəkdir?”  
Mən onun səsini eşidəcəyəm,  
Ona nəzər salacağam.  
Mən həmişəyaşıl şam kimiyəm,  
Sənin bar verməyin Məndən gələcək.   
 9 Kim müdrikdirsə, bu sözləri dərk etsin,  
Kim dərrakəlidirsə, bunları başa düşsün.  
Çünki Rəbbin yolları düzdür.  
Salehlər o yollarla gedir,  
Ancaq üsyankarlar o yollarda büdrəyir».