15
Moavın dağılması
1 *Yeş. 25:10-12; Yer. 48:1-47; Yez. 25:8-11; Amos 2:1-3; Sef. 2:8-11 Moav barədə xəbərdarlıq:
Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı,
Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.
2 *Yer. 48:5,34,37 Buna görə Divon xalqı ağlamaq üçün məbədə,
Səcdəgahlara çıxdı.
Moav xalqı Nevo və Medva üçün fəryad edir.
Yas tutmaq üçün hamı saçını kəsdi,
Saqqalını qırxdı.
3 Çula bürünərək küçələrdə,
Damlarda, meydanlarda hər kəs fəryad edir,
Göz yaşları sel kimi axır.
4 Xeşbon və Elale fəryad edir,
Səsləri Yahsaya qədər eşidilir.
Buna görə Moav əsgərləri nalə çəkir,
Ürəkləri qorxu içindədir.
5 Ürəyim Moav üçün kədərlənir,
Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı.
Luxit yoxuşundan ağlayaraq çıxırlar.
Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.
6 Nimrim suları quruduğu üçün ot soldu,
Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.
7 Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini
Söyüdlər vadisindən keçirir.
8 Xalqın ağlaşması Moav torpağını bürüyür,
Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.
9 Çünki Dimon suları qanla doludur,
Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm,
Moavdan qaçıb-qurtulanların,
Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.