16
Büdrəməyəsiniz deyə bunları sizə söylədim. Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız.
Müqəddəs Ruhun işi
Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim. İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: günah barədə, çünki Mənə iman etmirlər; 10 salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; 11 mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub.
12 Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. 13 Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. 14 O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. 15 Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. 16 Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».*Görəcəksiniz – bəzi əlyazmalarda görəcəksiniz. Çünki Atanın yanına gedirəm.
Kədəriniz sevincə dönəcək
17 O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?» 18 Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq». 19 İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz? 20 Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. 21 Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. 22 Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. 23 O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 24 İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.
25 Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam. 26 O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. 27 Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız. 28 Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm».
29 Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən. 30 İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq». 31 İsa onlara dedi: «İndi inanırsınızmı? 32 Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir. 33 Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».

*16:16 Görəcəksiniz – bəzi əlyazmalarda görəcəksiniz. Çünki Atanın yanına gedirəm.