ƏYYUB
KİTABI
GİRİŞ
«Əyyub» Kitabı böyük bəlalar çəkən bir insanın hekayəsidir. Kamil, əməlisaleh və Allahdan qorxan Əyyub var-dövlətini, bütün övladlarını itirir və ağır xəstəliyə düçar olur. Lakin bunlara baxmayaraq o, Allaha olan böyük imanını itirmir. Üç hissədən ibarət poetik dialoqlarda müəllif Əyyubun və onun dostlarının bu fəlakətlərə münasibətini göstərir. Uzun müzakirələrdən sonra Allah Özü Əyyuba cavab verir. Əyyubun dostları onun çəkdiyi iztirabların səbəbini ənənəvi dini anlayışlarla izah edir. Onlar belə bir nəticəyə gəlir ki, yaxşı əməlləri mükafatlandıran və pisliyi cəzalandıran Allah bu iztirabları Əyyuba onu cəzalandırmaq üçün göndərmişdi. Amma Əyyub düşünür ki, o, çox xeyirxah və saleh adam olduğuna görə belə ağır cəzaya layiq deyil.
Əyyub başa düşə bilmir ki, Allah niyə onun başına bəla gəlməsinə izin verir. O öz imanını itirmir, amma Allahın önündə bəraət qazanmağa can atır.
Allah Əyyubun suallarına birbaşa cavab vermir. O Öz qüdrət və hikməti ilə təbiəti necə yaratmasını poetik surətdə təsvir edərək Əyyubun imanına görə cavab verir. Sonra Əyyubun ürəyi yumşalır, Allahın hikmət və əzəmətini qəbul edərək söylədiyi hiddətli, sərt sözlərdən ötrü tövbə edir.
Kitabın sonunda deyilir ki, Əyyub daha böyük sərvətə çatıb əvvəlkindən daha yaxşı vəziyyətə qayıdır. Allah Əyyubun çəkdiyi iztirabların səbəbini başa düşməyən dostlarını məzəmmət edir.
Çünki onların arasında ənənəvi, dini anlayışların həddini aşaraq Allahın böyüklüyünü dərk edən yalnız Əyyub idi.
Kitabın məzmunu:
1:1–2:13 Proloq
3:1–31:40 Əyyub və onun dostları
3:1-26 Əyyubun şikayəti
4:1–14:22 Birinci söhbət
15:1–21:34 İkinci söhbət
22:1–27:23 Üçüncü söhbət
28:1-28 Hikmətin mədhi
29:1–31:40 Əyyubun yekun sözü
32:1–37:24 Elihunun nitqi
38:1–42:6 Rəbb Əyyuba cavab verir
42:7-17 Epiloq
1
Əyyubun şəxsiyyəti və dövləti
1 Us ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. 2 Onun yeddi oğlu, üç qızı var idi. 3 O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.
4 Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər. 5 Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi.
Əyyubun ilk sınağı
6 Bir gün ilahi varlıqlar*İlahi varlıqlar – hərfi tərcümədə Allah oğulları. Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi. 7 Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan cavabında «dünyanı gəzib-dolaşmaqdan» dedi. 8 Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır». 9 *Vəhy 12:10 Şeytan Rəbbə belə cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur? 10 Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. 11 İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».
12 Rəbb Şeytana dedi: «Yaxşı, sahib olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma». Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi.
13 Bir gün Əyyubun oğulları ilə qızları böyük qardaşlarının evində yemək yeyib şərab içərkən 14 bir nökər gəlib Əyyuba belə dedi: «Öküzlər cüt sürür, eşşəklər də onların yanında otlayırdı. 15 Bu zaman Səbalılar hücum edib onları apardılar və nökərləri qılıncdan keçirtdilər. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 16 O hələ sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Göydən Allahın odu töküldü. Həm qoyunları, həm də nökərləri yandırıb külə çevirdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 17 O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 18 O hələ sözünü qurtarmamış başqa bir nökər gəlib belə dedi: «Oğullarınla qızların böyük qardaşlarının evində yemək yeyib şərab içərkən 19 qəflətən çöldə güclü tufan qopdu və evin dörd tərəfini bürüdü. Ev uçub bu cavanların üstünə töküldü, hamısı öldü. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».
20 Buna görə Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi. 21 O belə dedi:
«Bu dünyaya çılpaq gəlmişəm,
Çılpaq da gedəcəyəm.
Verən də Rəbdir, alan da Rəbdir.
Rəbbin isminə alqış olsun!»
22 Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi.