6
Əyyub
Əyyub belə cavab verdi:
«Kaş bu dərdim çəkiləydi,
Bütün ağrılarım tərəziyə qoyulaydı.
Onda dənizlərin qumundan ağır gələrdi,
Ona görə tez bu sözləri dedim.
Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir,
Ruhum onların zəhərlərini içir.
Allahın dəhşətləri mənə hücum çəkir.
Ot olanda vəhşi eşşək anqırarmı?
Yem tapanda öküz heç böyürərmi?
Duzsuz, şit yeməyi yemək olarmı?
Yumurta ağının dadı varmı?
Belə yeməklərə əl vurmaq istəmirəm,
Onlardan iyrənirəm.
 
Kaş arzuma çataydım,
Allah mənə həsrətində olduğumu verəydi,
Lütf edib məni əzsə belə,
Əldən cəld olub həyatımın bağını kəssə belə,
10 Mən yenə ovunardım,
Bu amansız dərdimə baxmayaraq
Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim.
 
11 Nə gücüm var ki, gözləyim?
Sonum nə qədərdir ki, səbir edim?
12 Daş qədər güclüyəmmi?
Ətim tuncdandırmı?
13 Əlacsız qalanda
Özümə kömək etməyə gücüm çatarmı?
 
14 İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə,
Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.
 
15 Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi,
Çaylar kimi axıb getdi.
16 Bu vadilər buzlar əriyəndə daşar,
Qar suları ilə dolar.
17 Bu vadilər quraq vaxtı quruyar,
İstidə yataqlarından yox olar.
18 Bu vadilərə görə karvanlar yolunu azar,
Səhraya çıxanda həlak olar.
19 Temanın karvanları su axtarar,
Səbadan gələn səyyahlar ora ümid bağlar.
20 Amma ora çatanda ümid bağladıqlarına peşman olar,
Mat-məəttəl qalar.
21 İndi siz də mənim üçün bir heç olmusunuz,
Bu dəhşətə baxıb qorxursunuz.
22 Mən demişəmmi “Mənə nəyisə verin,
Var-dövlətinizdən mənə rüşvət göndərin?
23 Yaxud da məni düşmən əlindən qurtarın,
Zalımların əlindən azad edin?”
 
24 Mən susum, siz mənə öyrədin,
Nə səhv etmişəmsə, mənə göstərin.
25 Doğru söz kəsərli olar,
Sizin bu iradınız bəs nəyi sübut edir?
26 Niyə sözlərimi qınamaq istəyirsiniz?
Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız?
27 Yetim üçün belə, püşk atırsınız,
Dostunuzu satırsınız.
28 İndi lütf edib mənə baxın,
Bax mən üzünüzə ağ yalan demərəm.
29 Atın haqsızlığı, haqsızlıq etməyin,
Düşünün ki, bu davada mən haqlıyam.
30 Dilimdən haqsız söz çıxırmı?
Pis şeyləri ağzıma alırammı?