8
Bildad
1 Şuahlı Bildad belə cavab verdi:
2 «Bunları nə vaxta qədər deyəcəksən?
Sözlərin sərt küləyə bənzər.
3 Allah ədaləti azdırarmı?
Külli-İxtiyar salehi əyri edərmi?
4 Bəlkə oğulların Ona qarşı günah edib,
O da üsyankarlıqlarının cəzasını verib.
5 Əgər cəhd göstərib Allahı axtarsaydın,
Külli-İxtiyara yalvarsaydın,
6 Əgər təmiz, doğru olsaydın,
O sənin üçün, həqiqətən, qalxardı,
Sənə layiqincə bir məskən verərdi.
7 Başlanğıcın kiçik olsa da,
Sonun böyük olacaq.
8 Gəl indi əvvəlki nəsillərdən soruş,
Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal.
9 Dünənki övladlarıq, heç nə bilmirik.
Bu dünyada ömrümüz sadəcə bir kölgədir.
10 Onlar izah edib sənə öyrətməzlərmi?
Köksündəki sözləri dilə gətirməzlərmi?
11 Bataqlıq olmayan yerdə qarğı bitərmi?
Su olmayan yerdə qamış çıxarmı?
12 Hələ yaşıl ikən qırılmadan,
Hər otdan əvvəl onlar quruyar.
13 Allahı unudan hər kəs axırda belə qalar,
Allahsız insanın ümidi beləcə yox olar.
14 Onun etibar etdiyi şeylər qırılar,
Bel bağladığı sanki hörümçək toru olar.
15 Evinə söykənərkən evi uçar,
Evindən tutarkən dağılar.
16 Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar,
Pöhrələri bağçanın hər tərəfinə yayılar.
17 Rişələri daş qalağına dolaşar,
Çınqılların arasında yer axtarar.
18 Amma yerindən qoparılarkən
Yer inkar edərək deyər: “Səni görməmişəm”.
19 Bax belə sevincinə son qoyular,
Onun yerində başqa bitkilər bitər.
20 Allah kamil insanı Özündən kənar etməz,
Pislik edənlərinsə əlindən tutmaz.
21 O sənin ağzını yenə gülüşlə,
Dodaqlarını sevinc nidaları ilə doldurar.
22 Düşmənlərini rüsvayçılıq bürüyəcək,
Pislərin çadırı məhv ediləcək».