11
Sofar
Naamatlı Sofar belə cavab verdi:
«Bu qədər söz cavabsız qalsınmı?
Çox danışan haqlı sayılsınmı?
İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu?
Sən rişxənd edəndə səni saxlamasınlar?
Allaha deyirsən: “İmanda safam,
Gözün görür ki, pakam”.
Kaş ki Allah danışaydı,
Sənə qarşı ağzını açaydı.
Səni hikmətin sirlərindən agah etsəydi,
Hikmətin çox şaxələri üzə çıxardı.
Bil ki, Allah günahlarının neçəsindən keçib.
Allahın dərin sirlərini dərk edə bilərsənmi?
Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi?
Onlar göylər qədər ucadır, axı nə edə bilərsən?
Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən?
Meyarı aləmdən uzundur,
Dənizlərdən genişdir.
 
10 Əgər gəlib səni zindana salarsa, məhkum edərsə,
Kim Onun qarşısını ala bilər?
11 O, yalançıları tanıyır,
Pisliyi görəndə onu dərk edir.
12 Vəhşi eşşək insan olaraq doğulanda
Axmaq da ağla gələr.
 
13 Əgər ürəyini təqdis etsən,
Əllərini Ona tərəf uzatsan,
14 Günahın varsa, ondan əl çək,
Qoyma pislik çadırında sakin olsun.
15 Onda başını utanmadan dik tutarsan,
Sağ-salamat, qorxusuz yaşayarsan.
16 Sən dar gününü unudub
Onu axıb-qurtaran bir su kimi yad edərsən.
17 Həyatın gündüzün günəşindən də parlaq olar,
Qaranlığın səhər kimi işıqlanar.
18 Çünki ümidin var, sən arxayınsan,
Mühafizə olunaraq rahat yatarsan.
19 Yatanda belə, səni qorxudan olmaz,
Sənin lütfünü çoxları arzular.
20 Amma pis adamların gözlərinin nuru sönəcək,
Onların pənah yeri olmayacaq,
Yeganə ümidləri son nəfəslərini vermək olacaq».