21
Əyyub
1 Əyyub belə cavab verdi:
2 «Sözlərimi diqqətlə dinləyin,
Siz bununla mənə təsəlli verin.
3 Qoyun mən də bir şey deyim,
Mən danışandan sonra lağ edin.
4 Şikayətim insana qarşıdırmı?
Mən necə səbir edim?
5 Mənə baxıb mat qalın,
Əlinizi ağzınızın üstünə qoyun.
6 Bunu düşünəndə köksümü dəhşət bürüyür,
Bədənimə titrətmə düşür.
7 Pislər nə üçün yaşayır?
Yaşlandıqca niyə gücləri artır?
8 Övladları ətrafında,
Nəsilləri gözlərinin qarşısında sapsağlamdır.
9 Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır,
Allahın dəyənəyi onlara dəymir.
10 Öküzləri cütləşir, qarınları boş qalmır,
Doğar inəkləri var, bala salmaz.
11 Övladlarını sürü tək yola salır,
Uşaqları oynaşır.
12 Dəf və lira çalaraq nəğmə deyirlər,
Tütək səsi ilə şənlənirlər.
13 Ömürlərini firavan keçirirlər,
Ölülər diyarına rahat gedirlər.
14 Allaha belə deyirlər: “Bizdən uzaq ol,
Yolunu tanımaq istəmirik.
15 Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək?
Əgər Ona dua etsək, bizə nə fayda verər?”
16 Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil,
Pislərin nəsihəti qoy məndən uzaq olsun!
17 Neçə dəfə pislərin çırağı söndü,
Başlarına bəla gəldi.
Allah qəzəblənəndə onlara kədəri pay verdimi?
18 Neçə dəfə yel sovuran saman kimi,
Tufanın uçurduğu saman çöpü kimi oldular?
19 Deyirsiniz ki, Allah
Atanın cəzasını övladına çəkdirir.
Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin.
20 Qoy öz həlakını gözləri görsün,
Külli-İxtiyarın qəzəbini su kimi içsin.
21 Çünki ili, ayı qurtaranda,
Arxada qalan külfətindən nə zövq ala bilər?
22 Yüksək mənsəb sahiblərinə hökm edən Allaha
Kim bilik verə bilər?
23 Biri tamam güclü,
Tamam rahat və qayğısız,
24 Bədəni ətli-canlı,
Sümükləri ilikli ölür.
25 O biri isə dərd içində,
Həyatdan kam almamış ölür.
26 İkisi də torpaqda yatır,
İkisinin də bədənini qurd basır.
27 Bilirəm nə fikirdəsiniz,
Qəsdiniz mənə qarşı olmaqdır.
28 Deyirsiniz: “Əsilzadələrin evi haradadır?
Pislərin yaşadığı çadır haradadır?”
29 Yoldan keçənlərdən soruşmadınızmı?
Söhbətlərinə qulaq asmadınızmı?
30 Pis insan fəlakət günündə sağ qalır,
Qəzəb günü yol göstərilərək qurtulur.
31 Kim davranışını onun üzünə vurur?
Kim etdiklərinə görə onu cəzalandırır?
32 Qəbiristana aparılarkən
Məzarı üstə qarovul çəkilir.
33 Vadinin torpağı ona şirin gəlir,
Hamı onun ardınca düşür.
Qarşısında gedənlərsə saysızdır.
34 Məni necə boş sözlərlə ovuda bilərsiniz?
Cavablarınız axıradək yalandır».