29
Əyyubun yekun sözü
1 Əyyub yenə misal çəkərək dedi:
2 «Kaş ki ötən aylar geri dönəydi –
Allahın məni qoruduğu,
3 Çırağının başım üstə işıq saçdığı,
Nuru ilə qaranlıqda gəzdiyim günlər.
4 Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi –
Mənə yar olan Allahın çadırımı qoruduğu,
5 Külli-İxtiyarın hər vaxt mənimlə olduğu,
Övladlarımın ətrafımda dolandığı,
6 Yollarımın südlə yuyulduğu,
Yanımdakı qayadan zeytun yağı axdığı günlər.
7 Şəhər darvazasına gedərkən,
Kürsümü meydanın başına qoyarkən
8 Gənclər məni görüb gizlənərdi,
Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.
9 Başçılar söhbətini dayandırardı,
Əlləri ilə ağızlarını tutardı.
10 Əsilzadələrin səsi çıxmazdı,
Dilləri damaqlarına yapışardı.
11 Qulaq məni eşidəndə alqışlayardı,
Göz məni görəndə tərifləyərdi.
12 Çünki imdad diləyən fəqiri,
Köməksiz yetimi qurtarardım.
13 Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi,
Dul qadının qəlbinə şən nəğmələr verərdim.
14 Libas kimi salehliyi geyinmişdim,
Sanki ədalətim mənə cübbə və tac idi.
15 Korlara göz idim,
Topallara ayaq idim,
16 Yoxsulların atası idim,
Qəriblərin müşküllərinin qayğısına qalırdım,
17 Haqsızın çənəsini qırırdım,
Ovunu dişlərindən qoparırdım.
18 Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm,
Ömrümün günlərini qum qədər çoxaldacağam.
19 Köküm sulara tərəf rişələnəcək,
Budaqlarıma şeh düşəcək.
20 Qazandığım şərəf təzələnəcək,
Əlimə yeni ox-kaman gələcək”.
21 İnsanlar ehtiramla məni dinlərdi,
Səssizcə məsləhətimi gözlərdi.
22 Heç kim sözümün üstündən söz deməzdi,
Sözlərim üzərlərinə tökülərdi.
23 Məni yağış kimi gözləyirdilər,
Yaz yağışı tək sözlərimi içirdilər,
24 Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar,
Gülər üzümdən ruhlanardılar.
25 Onlara yol göstərərdim, başçı kimi əyləşərdim,
Əsgərlərin arasında padşah kimi ömür sürərdim,
Yaslılara təsəlli verənə bənzəyərdim.