36
Elihu sözünü belə davam etdirdi:
«Bir az səbir elə, sənə izah edəcəyəm,
Çünki Allah barədə deyiləcək çox sözüm var.
Geniş məlumat toplayacağam,
Yaradanıma haqq verəcəyəm.
Dediyimin heç biri, şübhəsiz, yalan deyil,
Qarşında dayanan kamil bilicidir.
 
Allah güclüdür, kimsəyə xor baxmaz,
Güclüdür, dərin şüura malikdir.
Pis adamları yaşatmaz,
Fəqirlərin haqqını verər.
Salehdən gözünü çəkməz,
Onu padşahlarla birgə taxtda oturdar,
Əbədilik ucaldar.
Amma əgər insanlar zəncirlənib
Təzyiq altında saxlanarsa,
Onlara əməllərini, günahlarını göstərər,
Təkəbbürlü rəftar etdiklərini bildirər.
10 Öyüdlərini eşitdirər,
Pislikdən dönmələrini əmr edər.
11 Əgər Ona qulaq asıb qulluq edərlərsə,
Qalan günlərini bolluq içində yaşarlar,
Qalan illərini əmin-amanlıqda yaşarlar.
12 Qulaq asmazlarsa, qılıncdan keçirilərlər,
Cəhalət içində canları çıxar.
 
13 Allahsızlar ürəklərində kin saxlayırlar,
Allah onları qandallayanda belə, Onu çağırmırlar.
14 Vaxtsız ölüb gedərlər,
Şərəfsiz ömür sürərlər.
15 Amma Allah əzabkeşləri əzablarından xilas edər,
Dara düşəndə onlara səsini eşitdirər.
16 Bəli, O səni çətinlikdən
Darısqal olmayan geniş yerə,
Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.
17 Amma şərin hökmü vücuduna dolar,
Haqq-ədalət isə yaxandan tutar.
18 Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın,
Rüşvətin böyüklüyünü görüb azmayasan.
19 Səni dardan qurtarmağa,
Varının, yoxsa qüdrətinin gücü çatarmı?
20 Xalqların öz yerlərindən
Yox edildiyi gecənin həsrətini çəkmə.
21 Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən,
Çünki zəlil olmaqdan çox bunu seçmisən.
 
22 Budur, Allah əzəməti ilə ucalır,
Onun kimi müəllim haradadır?
23 Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər?
Kim Ona “haqsızsan” deyə bilər?
 
24 Onun işlərini yada sal,
İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.
25 Bütün insanlar bunu görür,
Hamı bu işləri uzaqdan seyr edir.
26 Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik,
İllərinin sayını araşdıran yoxdur.
27 Su damcılarını yuxarı qaldırır,
Buxarlandırır, yağış yağdırır.
28 Bu yağışlar buludlardan tökülür,
İnsanların üstünə bol yağışlar səpilir.
29 Buludların necə yayılmasını,
Göylərin çadırında guruldamasını
Kim dərk edə bilər?
30 Baxın, ətrafında şimşəkləri çaxdırır,
Dənizin dərinliklərini doldurur.
31 Allah xalqlara rəhbərlik edir,
Onları bol ərzaqla təmin edir.
32 Şimşəyi əlləri ilə tutur,
Hədəfə vurmasını buyurur.
33 Gurultusu qasırğadan xəbər verir,
Qasırğanın qopacağını öküzlərə belə, bildirir.