13
İsraillilərin almalı olduqları torpaqlar
1 Yeşua qocalıb yaşa dolmuşdu. Rəbb ona dedi: «Sən qocalıb yaşa dolmusan, ancaq mülk olaraq almaq üçün olduqca çox yer qalıb.
2 Qalan yerlər bunlardır: Filiştlilərin bütün əyalətləri, Geşurluların bütün torpaqları; 3 Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı; 4 cənubda bütün Kənan torpağı, Sidonlulara məxsus Mearadan Afeqə – Emorluların sərhədlərinə qədər olan torpaqlar; 5 Gevallıların torpağı, Xermon dağı ətəyində olan Baal-Qaddan Xamat keçidinə qədər gün doğana tərəf bütün Livan; 6 *Say. 33:54 Livandan Misrefot-Mayimə qədər bütün dağlıq əhalisi və bütün Sidonluları da İsrail övladlarının qarşısından Mən qovacağam. Ancaq sənə əmr etdiyim kimi bu torpaqları İsraillilərə irs olaraq böl. 7 İndi bu yerləri doqquz qəbilə ilə Menaşşe qəbiləsinin yarısına irs olaraq böl».
İordan çayının şərq tərəfindəki torpaqların bölünməsi
8 *Say. 32:33; Qanun. 3:12 Menaşşe qəbiləsinin yarısı ilə birgə Ruvenlilər və Qadlılar Musanın İordan çayının şərq tərəfində onlara verdiyi irs torpaqları, Rəbbin qulu Musanın onlara verdiyi bu torpaqları almışdılar: 9 Arnon vadisi kənarında olan Aroerdən vadinin ortasında olan şəhərlə Divona qədər bütün Medva yaylası; 10 Ammonluların sərhədinə qədər Xeşbonda hökmranlıq edən Emorluların padşahı Sixonun bütün şəhərləri; 11 Gilead, Geşurlular və Maakatlıların torpaqları, bütün Xermon dağı, Salkaya qədər bütün Başan; 12 Aştarot və Edreidə hökmranlıq edən, sağ qalan Rafalılardan biri olan Oqun Başandakı bütün torpaqları; Musa bütün bu torpaqlarda yaşayanları döyüşlə qovmuşdu. 13 Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır.
14 *Qanun. 18:1 Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir.
Ruven qəbiləsinin İordan çayının şərq tərəfindən torpaq alması
15 Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi. 16 Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla; 17 Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon, 18 Yahsa, Qedemot, Mefaat, 19 Qiryatayim, Sivma, dərə dağında olan Seret-Şahar, 20 Bet-Peor, Pisqa yamacları, Bet-Yeşimot, 21 bu yaylanın bütün şəhərləri, Xeşbonda hökmranlıq edən Emorlular padşahı Sixonun bütün ölkəsi idi. Musa Sixonu və Midyan başçıları olan və onun ölkəsində yaşayan ağaları – Evini, Reqemi, Suru, Xuru, Revanı öldürdü. 22 İsrail övladları öldürdükləri adamlarla birgə Beor oğlu falçı Bilamı da qılıncdan keçirtdilər. 23 Ruven övladlarının sərhədi İordan çayı ilə sahil torpaqları idi. Ruven övladlarının nəsillərinə görə irsi olan şəhərlər və onların kəndləri bunlar idi.
Qad qəbiləsinin İordan çayının şərq tərəfindən torpaq alması
24 Musa Qad qəbiləsinə, Qad övladlarına nəsillərinə görə torpaq verdi. 25 Onların sərhədi isə belə idi: Yazer, Gileadın bütün şəhərləri və Rabba qarşısında olan Aroerə qədər Ammon övladları ölkəsinin yarısı; 26 Xeşbondan Ramat-Mispa və Betonimə qədər; Maxanayimdən Devir sərhədinə qədər; 27 dərədə Bet-Haram, Bet-Nimra, Sukkot, Safon, Xeşbon padşahı Sixonun ölkəsinin qalan hissəsi, İordan çayı ilə onun sahil torpaqları, İordan çayının şərq tərəfindən Kinneret gölünün cənub sahilinə qədər. 28 Qad övladlarının nəsillərinə görə torpaq irsi olan şəhərlər və onların kəndləri bunlar idi.
Menaşşe qəbiləsinin yarısının İordan çayının şərq tərəfində torpaq alması
29 Musa Menaşşe qəbiləsinin yarısına torpaq verdi ki, bu da Menaşşe övladları qəbiləsinin yarısı üçün, nəsillərinə görə idi. 30 Onların torpağı Maxanayimdən, bütün Başan diyarı, Başan padşahı Oqun bütün ölkəsi və Başanda olan Yairin bütün qəsəbələri də daxil olmaqla altmış şəhər idi. 31 Gileadın yarısı Başan padşahı Oqun ölkəsindəki Aştarot və Edrei şəhərlərini də əhatə edirdi. Bunlar Menaşşe oğlu Makir övladlarına nəsillərinə görə Makir övladlarının yarısına verilmək üçün idi.
32 Yerixo şəhərinin qarşısında, İordan çayının şərq tərəfindəki Moav düzənliklərində Musanın böldüyü irs olan torpaqlar bunlar idi. 33 *Say. 18:20; Qanun. 18:2 Ancaq Musa Levi qəbiləsinə irs olaraq torpaq vermədi. Rəbbin onlara dediyi kimi İsrailin Allahı Rəbb Özü onların irsidir.