3
Harun oğulları
1 Rəbb Sina dağında Musa ilə danışdığı zaman Harunla Musanın nəsil tarixçəsi belədir. 2 *Say. 26:60 Harun oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar. 3 Harun oğullarının kahinlik vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır. 4 *Lev. 10:1-2; Say. 26:61 Nadav ilə Avihu Sina səhrasında Rəbbin önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları Harunun yanında kahinlik etdilər.
5 Rəbb Musaya dedi: 6 «Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər. 7 Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər. 8 Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər. 9 Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir. 10 Harunla oğullarına tapşır ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün».
11 Rəbb Musaya dedi: 12 «Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm. Levililər Mənimdir. 13 *Çıx. 13:2 Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm».
Levililərin vəzifələri
14 Rəbb Sina səhrasında Musaya belə dedi: 15 «Levililəri ailələrinə, nəsillərinə görə siyahıya al. Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən olanları siyahıya al». 16 Musa da Rəbbin sözünə görə əmr edildiyi kimi onları siyahıya aldı. 17 Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari. 18 Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey. 19 Qohatın nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel. 20 Merarinin nəsil başçısı olan oğulları: Maxli və Muşi.
Ailələrinə görə Levi nəsilləri bunlardır.
21 Livni və Şimey nəsilləri Gerşon nəslindəndir. Gerşon tayfaları bunlardır. 22 Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 7500 nəfər siyahıya alındı. 23 Gerşon nəsilləri qərb tərəfində məskənin arxasında düşərgə salmalıdırlar. 24 Gerşon nəslinə mənsub olan ailələrin rəhbəri Lael oğlu Elyasafdır. 25 Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə, Hüzur çadırının girişində olan arakəsməyə, 26 həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.
27 Amram, İshar, Xevron və Uzziel nəsilləri Qohat nəslindəndir. Qohat nəsilləri bunlardır. 28 Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 8600 nəfər siyahıya alındı. Onlar müqəddəs əşyalara cavabdehdirlər. 29 Qohat nəsilləri çadırın cənub tərəfində düşərgə salmalıdırlar. 30 Qohat nəsillərinə mənsub ailələrin rəhbəri Uzziel oğlu Elisafandır. 31 Onlar sandığa, masaya, çıraqdana, qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər. 32 Levili rəhbərlərinin rəhbəri kahin Harun oğlu Eleazardır. O, Müqəddəs yerə cavabdeh olanlara nəzarətçi təyin edilmişdir.
33 Maxli və Muşi nəsilləri Merari nəslindəndir. Merari nəsilləri bunlardır. 34 Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 6200 nəfər siyahıya alındı. 35 Merari nəsillərinə mənsub ailələrin rəhbəri Avixayil oğlu Surieldir. Onlar məskənin şimal tərəfində düşərgə salmalıdırlar. 36 Merarililərə məskənin çərçivələri, şüvülləri, dirəkləri, altlıqları, bütün avadanlığı və bunlarla əlaqədar bütün xidmət, 37 məskənin ətrafındakı həyətin dirəkləri ilə altlıqları, payaları və ipləri həvalə olundu.
38 Musa və Harun ilə oğulları məskənin şərq tərəfində, gündoğana doğru Hüzur çadırının önündə düşərgə salmalıdırlar. Onlar İsrail övladları üçün öz vəzifələrini yerinə yetirərək Müqəddəs məkana cavabdehdirlər. Oraya yaxınlaşan kənar adam öldürülməlidir.
39 Rəbbin əmri ilə Musa və Harunun Levi nəsillərindən saydıqları bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olanlar cəmi 22 000 nəfər idi.
40 Rəbb Musaya dedi: «Bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olan, ilk doğulan bütün İsrail övladlarını adları ilə siyahıya al. 41 İsrail övladlarının bütün ilk oğlanlarının əvəzinə Levililəri və İsraillilərin ilk doğulan heyvanlarının əvəzinə Levililərin heyvanlarını Mənim üçün ayır. Rəbb Mənəm». 42 Musa Rəbbin ona əmr etdiyi kimi etdi. İsrail övladları arasında bütün ilk doğulanları siyahıya aldı. 43 Adları qeyd edilən, bir aylıq və ondan yuxarı yaşda ilk doğulan kişi cinsindən olanlar cəmi 22 273 nəfər idi.
44 Rəbb Musaya dedi: 45 «Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm». 46 İsraillilərin ilk oğlanlarından olub Levililərin sayını aşan 273 nəfəri satın almaq məqsədi ilə, 47 hər adam üçün hər şekeldə iyirmi gera olan Müqəddəs yerdəki şekelə görə beş şekel götür. 48 Onları Levililərin sayını aşanları satınalma ödənişi olaraq Haruna və oğullarına ver. 49 Musa Levililərlə əvəz olanların sayını aşan İsrail övladlarından satınalma ödənişini götürdü. 50 İsrail övladlarının ilk oğlanlarından Müqəddəs yerdəki şekelə görə 1365 şekel aldı. 51 Musa Rəbbin sözünə görə, Rəbbin ona əmr etdiyi kimi satınalma ödənişini Harunla oğullarına verdi.