7
Əxlaqsız qadının hiyləsi
Oğlum, sözlərimə bağlı qal,
Əmrlərimi özündə saxla.
Əmrlərimə bağlı qalsan, yaşayacaqsan,
Təlimimi göz bəbəyin kimi qoru.
Onları üzük kimi barmağına keçir,
Ürəyinin lövhəsinə köçür.
Hikmətə de: «Bacımsan»,
İdraka söylə: «Yaxın dostumsan».
Onlar səni əxlaqsız qadından,
Şirindilli yad arvaddan qoruyar.
 
Evimin pəncərəsinin şəbəkəsindən
Mən bayıra baxırdım.
Bir dəstə cahil gənc arasında
Qanmaz bir cavanı gördüm.
Bu qadının evinin tininə yaxın küçədən keçirdi,
Onun evi olan yolla gedirdi.
Alaqaranlıqda, gün batanda,
Gecə düşəndə, hava qaralanda.
10 Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın
Dərhal onu qarşıladı.
11 O hay-küyçüdür, o bihəyadır,
Öz evində oturmayandır.
12 Gah küçəyə, gah meydanlara çıxar,
Hər tin başı bir pusqu qurar.
13 O, oğlanı tutub öpdü,
Həyasızcasına belə dedi:
14 «Ünsiyyət qurbanı kəsməyə borclu idim,
Əhdimə bu gün əməl etmişəm.
15 Ona görə səni görmək üçün qarşına çıxdım,
Səni çox axtardım, axır ki tapdım.
16 Yatağıma Misir kətanından toxunan
Əlvan üz çəkmişəm.
17 Yorğan-döşəyimə
Mirra, əzvay, darçın səpmişəm.
18 Gəl sübhə qədər doyunca sevişək,
Eşqdən məst olaq.
19 Ərim evdə yoxdur,
Uzaq bir səfərə gedib.
20 Pul kisəsini götürüb,
Evə ay bədirlənəndə qayıdacaq».
21 Fəndlər işlədib onu tovladı,
Şirin dilə tutub yoldan çıxartdı.
22 Kəsilməyə aparılan bir öküz kimi,
Kəməndə salınan bir maral kimi
Bu oğlan o qadının ardınca düşdü.
23 Axırda ciyərinə bir ox saplanacaq.
Uçub tez tora düşən quş kimi
Bu oğlan da canının alınacağını bilmirdi.
 
24 İndi, ey övladlar, mənə qulaq asın,
Dilimdən çıxan sözlərə laqeyd olmayın.
25 Qoyma qəlbin o qadının yollarına meyl etsin,
Onun yoluna dönmə.
26 Çünki o qadın nə qədər insanı qurban edib,
Nə qədər adamı öldürüb.
27 Onun evinin yolu ölülər diyarına aparır,
Ölüm mənzilinə gedib çatır.