12
1 Tərbiyəni sevən biliyi sevər,
Məzəmmətə nifrət edən şüursuzdur.
2 Rəbb yaxşı adamdan razı qalar,
Pisniyyət adamı isə məhkum edər.
3 İnsan şərlə möhkəm olmaz,
Salehinsə kökü sarsılmaz.
4 Xeyirxah arvad ərinin tacıdır,
Adbatıran qadın çürümüş sümüyə oxşar.
5 Salehlərin məqsədi ədalətdir,
Şər insanların məsləhəti hiyləgərlikdir.
6 Şər adamların sözləri ölüm üçün pusqu qurar,
Əməlisalehlər dili ilə xilas olar.
7 Pislər yıxılıb məhv olar,
Salehin evi dağılmaz.
8 İnsan ağıllı sözlərinə görə təriflənər,
Qəlbində hiylə olanlara xor baxılar.
9 Şöhrətsiz, lakin qul sahibi olan insan
Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.
10 Saleh insan hətta heyvanlarının ehtiyacını duyar,
Şər insanın mərhəmətində də zalımlıq var.
11 Torpağını əkib-becərən doyunca çörək yeyər,
Qanmaz boş şeylərin ardınca gedər.
12 Şər adam pislərin şikarına qibtə edər,
Salehin kökü pöhrələnər.
13 Pis adamı itaətsiz dili tələyə salar,
Saleh dara düşsə də, oradan salamat qurtarar.
14 İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar,
Əlinin zəhmətinin əvəzini alar.
15 Səfehin yolu öz gözündə düz görünər,
Hikmətli adam nəsihəti dinlər.
16 Səfeh dərhal qəzəbini üzə verər,
Uzaqgörən şərəfsizliyin üstünü örtər.
17 Doğru şahid həqiqəti danışar,
Yalançı şahid hiylə qurar.
18 Düşünmədən danışanın dili qılınc kimi yaralar,
Hikmətlinin dili isə insanları sağaldar.
19 Düz söz əbədi yaşar,
Yalanın ömrü az olar.
20 Şər quranın qəlbində hiylə olar,
Nəsihət verib sülhə çağıran sevinc tapar.
21 Saleh heç vaxt bəlaya düşməz,
Pislərin başı bəla ilə dolu olar.
22 Rəbb yalançı dilə ikrah edər,
Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.
23 Uzaqgörən bildiyini özü üçün saxlar,
Axmaq qəlbinin səfehliyini hamıya yayar.
24 Çalışqanın əli özünü ağa edər,
Tənbəllik insanı qula çevirər.
25 Qəlbi narahat olanın qəddi əyilər,
Xoş söz könlü şad edər.
26 Saleh insan qonşusuna da yol göstərər,
Lakin şər insanın yolu dolaşıqdır.
27 Tənbəlin əlinə ov düşsə də, onu bişirməz,
Çalışqan qiymətli sərvətə çatar.
28 Salehliyin yollarında həyat var,
Kim bu yolla getsə, orada ölüm tapmaz.